Bakıda taksi xidmətlərinin bahalaşmasının səbəbi AÇIQLANDI
09 iyun 2022 18:34 (UTC +04:00)

Bakıda taksi xidmətlərinin bahalaşmasının səbəbi AÇIQLANDI

Son günlər Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gediş haqqı artıb. Həmişə gedilən məsafənin gediş haqqının birdən-birə belə bahalaşması müştərilərdə də narazılıq yaradır və birmənalı qarşılanmır.

Görəsən, taksi xidmətlərində bahalaşma nə ilə əlaqədardır?

İqtisadçı ekspert Pərviz Heydərov Lent.az-a bildirib ki, hazırki bahalaşma “Formula 1” Qran-prisi ilə bağlıdır:

“Taksi xidmətlərinin bahalaşması "Formula 1" ilə əlaqədardır. Bildiyniz kimi, yarışla bağlı ölkəyə turist axını var və şəhər daxilində taksi xidmətlərindən istifadə genişlənib. Bunu mən 2-3 gün əvvəl sifariş etdiyim taksi şirkətlərindən birinin sürücüsündən də eşitdim. O, dedi ki, hazırda sifarişlər artıb və gündəlik qazanc da əvvəlkinə nisbətən çoxdur. Yəni taksi xidmətlərində xərclərin artması məhz bununla bağlıdır. Qiymətlərdə cüzi artım müşahidə olunur ki, bu da müştərilərin və sifarişlərin artması ilə əlaqədardır. Güman edirəm ki, bu vəziyyət "Formula 1" yarışları bitəndən sonra bir neçə gün də davam edəcək. Sonra ola bilsin ki, bu sahəyə tələb əvvəlki səviyyəyə qayıtsın. Bunun başqa izahı yoxdur. Xidmət haqlarında artım cüzidir və bu da qeyd etdiyim kimi tələbin çoxalması ilə bağlıdır”.

Qeyd edək ki, “Numbeo” qlobal verilənlər bazasının hesabatı əsasında aparılan hesablamalara görə, Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir. MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4818
avatar

Mehman Nəbiyev

Oxşar yazılar