Mərkəzi Bank Almaniya fondu ilə əməkdaşlıq edəcək
13 sentyabr 2011 18:18 (UTC +04:00)

Mərkəzi Bank Almaniya fondu ilə əməkdaşlıq edəcək

Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mərkəzi Bank maliyyə savadlılığı üzrə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə əməkdaşlıq barədə razılıq əldə edib. Fondun Azərbaycanda maliyyə savadlılığının artırılması tədbirlərində iştirak etməyə və Almaniya hökumətinin bu məqsədlə maliyyə vəsaiti ayırmağa hazır olduğu bildirilib. Bu əməkdaşlığın məqsədlərindən biri əhalinin əsassız borclanmasının qarşısını almaq üçün gənc yaşlarından maliyyə savadının aşılanmasından ibarətdir.

Əməkdaşlıq proqramına uyğun olaraq, Fondun dəstəyi ilə 2011/2012-ci və növbəti tədris illərində ölkənin seçilmiş (pilot) məktəblərində şagirdlərin maliyyə savadlılığının artırılması üzrə tədbirlər nəzərdə tutulur. Bununla əlaqədar Azərbaycanın orta məktəblərində şagirdlərin maliyyə savadlılığının artırılması üzrə Təhsil Nazirliyi ilə birlikdə xüsusi layihə üzərində iş aparılır.

Almaniyanın SBFIC Fondu ilə əməkdaşlıq ölkəmizin gələcək nəslinin erkən yaşlarda iqtisadiyyat və maliyyə biliklərinə yiyələnməsinə və ölkə əhalisinin maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
# 731

Oxşar yazılar