Asiya İnkişaf Bankının missiyaları yol və enerji layihələrini qiymətləndirmək üçün Azərbaycana gəlir
13 sentyabr 2011 15:43 (UTC +04:00)

Asiya İnkişaf Bankının missiyaları yol və enerji layihələrini qiymətləndirmək üçün Azərbaycana gəlir

Bu gün Asiya İnkişaf Bankının iki missiyası Azərbaycana gəlir.
Asiya İnkişaf Bankının Azərbaycanda Daimi Nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, Asiya İnkişaf Bankının aparıcı nəqliyyat mütəxəssisi Reddi Bathulanın rəhbərlik etdiyi Nəqliyyat Missiyası 2010-cu ildə yekunlaşdırılmış Qazax-Gürcüstan sərhədi avtomobil yolunun ümumi statusunu nəzərdən keçirəcək.
Missiya bu layihəni Asiya İnkişaf Bankının prosedurları, siyasəti və standartları baxımından qiymətləndirəcək. Missiya Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Masallı-Astara yolunun hazırkı mərhələsini də qiymətləndirəcək. Azərbaycanda olduğu müddətdə Nəqliyyat Missiyası Azərbaycanın hökumət rəsmiləri, Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, “Azəryolservis” ASC-nin nümayəndələri, layihələri icra edən agentliklərlə və müqaviləçilərlə görüşəcək.
Asiya İnkişaf Bankının aparıcı enerji mütəxəssisi Tianhua Luonun rəhbərlik etdiyi Enerji Missiyası isə Azərbaycana Asiya İnkişaf Bankı tərəfindən enerji sektorunda maliyyələşdirilən layihələri qiymətləndirmək üçün gəlir. Missiya əsasən Enerjininin Ötürülməsinin Gücləndirilməsi layihəsini nəzərdən keçirəcək. Layihə Mingəçevirdən Bakıya qədər yeni enerji xətlərinin çəkilişini ehtiva edir. Missiya layihənin icrasına təsir göstərən əsas məsələləri müəyyənləşdirəcək, layihənin vaxtında yerinə yetirilməsi üçün addımları razılaşdıracaq və Enerjinin Paylanılması ilə bağlı İnvestisiya Proqramının hazırlanmasını müzakirə edəcək. Enerji Missiyası Maliyyə Nazirliyinin, “Azərenerji” ASC-nin, digər hökumət agentliklərinin nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla görüşəcək.
Hər iki missiya sentyabrın 13-dən 22-nə kimi davam edəcək.
# 494

Oxşar yazılar