Türkiyəyə qaz nəqli ilə bağlı danışıqlar bu ay başa çatacaq
12 sentyabr 2011 14:09 (UTC +04:00)

Türkiyəyə qaz nəqli ilə bağlı danışıqlar bu ay başa çatacaq

«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) xarici sərmayələr şöbəsinin müdiri Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanla Türkiyə arasında bu məsələyə dair danışıqların birinci raundu baş tutub və bu həftə danışıqların növbəti raundu keçiriləcək: «Ehtimal edirik ki, bu ayın sonuna danışıqları tamamlaya biləcəyik və müvafiq razılaşma əldə olunacaq».

V.Əliyev onu da bildirib ki, qazın Türkiyəyə nəqli ilə bağlı kompleks danışıqlar aparılır. Belə ki, bura həm kommersiya, həm hüquqi, həm də qanunvericilik aspektləri daxildir: «Bu, Türkiyə üçün yeni olan məsələdir. Belə ki, Türkiyə heç vaxt tranzit ölkəsi olmayıb və Türkiyənin qanunvericilik bazası tam şəkildə tranzit məsələlərini həyata keçirmək üçün formalaşmayıb. Bu səbəbdən müəyyən çətinliklər yaranır. Əgər biz mövcud qanunvericilik qaydaları ilə qazı tranzit etmək istəyiriksə, Türkiyə tərəfi müəyyən daxili proseduralarına dəyişiklik etməlidir».

V.Əliyev həmçinin qeyd edib ki, 2010-cu ilin iyun ayında tərəflər arasında əsas kommersiya prinsipləri razılaşdırılıb.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
# 593

Oxşar yazılar