Şəkər niyə bahalaşır? – ARAŞDIRMA
15 avqust 2011 13:06 (UTC +04:00)

Şəkər niyə bahalaşır? – ARAŞDIRMA

Dünya bazarında taxıl, ət, süd, yağ və digər ərzaq məhsullarının qiyməti əhəmiyyətli şəkildə qalxıb. Təkcə şəkərin qiyməti son 30 ildə rekord həddə çatıb. Artıq Azərbaycanda da bu məhsulların, xüsusən də yağ və şəkərin qiymətində artım müşahidə olunur. Qiymət artımının əsas səbəbi dünyanın ən böyük şəkər istehsalçısı olan Braziliyada istehsalın aşağı düşməsidir. İstehsalın aşağı düşməsi hava şəraitinin pis olması və şəkər plantasiyalarının köhnəlməsi ilə də əlaqədardır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bahalaşma barədə xəbərdarlıq yaydığı bir vaxtda Azərbaycanda rəsmi statistika orqanları əks göstəricilər açıqlayır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, iyun ayı üçün istehlak malları arasında kərə yağının, şəkər və şəkər tozunun qiymətində ucuzlaşma qeydə alınıb. Bazarlardakı vəziyyət isə komitənin bu məlumatının yanlışlığını hər an göstərir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, Azərbaycanda şəkərin bahalaşması bir çox amillərdən asılıdır və onların arasında dünyada analoji halların qeydə alınması da var. Onun sözünə görə, həqiqətən də şəkərin qiymətində çox ciddi artım müşahidə olunur: “FAO hər ay dünyada ərzaq məhsullarının qiyməti ilə bağlı hesabat dərc edir. Həmin hesabatlarda son dövrlər xüsusilə vurğulanır ki, dünyada ərzaq məhsullarının qiyməti qalxır və bu, gələcəkdə dünyada ərzaq böhranı ilə nəticələnə bilər”.

FAO-nun hesabatında bahalaşmanın daha çox kasıb ölkələrə təsir edə biləcəyi xüsusi vurğulanır. Təşkilatın hesablamalarına görə, son bir ildə dünyada ərzaq məhsullarının qiyməti 39 faiz bahalaşıb. Yəni 2010-cu ilin iyul ayından 2011-ci ilin iyulunadək ət və ət məhsulları, şəkər tozunun qiymətində bu qədər artım qeydə alınıb. Konkret şəkər isə son bir ayda 14 faiz bahalaşıb. Onlar ərzaq məhsullarının bahalaşmasını daha çox şəkərin qiymətinin artması ilə əlaqələndirirlər. FAO-nun ərzaq mallarının qiymət indeksinə daxil olan malların qiymətinin qalxmasını daha çox şəkərin bahalaşmasının nəticəsi kimi izah edirlər.

İstehsal azalır, istehlak isə artır

Samir Əliyev bildirir ki, ümumiyyətlə, son illər dünyada şəkərin qiymətində artım tendensiyası davam edir. Bu ilin yanvar-fevral aylarında isə şəkərin qiyməti son 30 ildə ən yüksək həddə çatıb. Sonrakı aylarda isə bu məhsulun qiymətində nisbətən ucuzlaşma meylləri müşahidə olunub və nəhayət, iyunda qiymətlər yenidən bahalaşıb. Onun sözlərinə görə, qiymət artımı daha çox şəkəri ixrac edən Braziliyada müşahidə olunur.

Beynəlxalq müşahidəçilər isə bunu dünyada hava şəraitinin münasib olmaması ilə əlaqələndirir. Belə ki, son illər qeyri-münasib hava şəraiti ucbatından Braziliyada şəkər istehsalı 25 faiz azalıb. İstehsalın azalması isə dünyada şəkər bazarına mənfi təsir göstərib.

Xatırladaq ki, ötən il dünyada təxminən 168,1 milyon ton şəkər istehsal olunmuşdu. Bazarlarda bu məhsula tələbat isə 167,9 milyon ton təşkil edib və bu, o deməkdir ki, ötən il dünyada şəkər tozu tələblə təklif təxminən eyni səviyyədə olub. Halbuki, proqnozlara görə, istehsalla istehlak arasında 1,2 milyon ton fərq olmalıydı. Amma göründüyü kimi, fərq az olub və bu, o deməkdir ki, istehsal azalıb, istehlak isə əksinə, artıb. Ümumilikdə bahalaşma qeydə alınıb. Bu amillər dünyada şəkərin qiymətinin qalxmasına ciddi təsir göstərir”.

Samir Əliyev dünyada şəkərin qiymətinin qalxmasına ciddi təsir edən amillərdən biri kimi dolların ucuzlaşmasını göstərir. Onun sözlərinə görə, dünyada ticarət dövriyyəsinin təxminən 85 faizi ABŞ dolları vasitəsilə həyata keçirilir. İndiki şəraitdə isə dolların digər xarici valyutalara nəzərən ucuzlaşdığından taxılın, şəkərin, çayın və digər vacib ərzaq məhsullarının qiymətində artım baş verir. Həmçinin digər xammallar, o cümlədən qızıl və neft də bahalaşır.

Dünya bazarında qiymət artımı Azərbaycana da təsirsiz ötüşmür. Çünki Azərbaycan özünün şəkər istehlakının yarıdan çoxunu xaricdən idxal hesabına ödəyir. Hazırda Azərbaycanda istehlak olunan şəkərin təxminən 30-40 faizi daxildə istehsal edilir. Bu istehsalı isə İmişlidə Çəkər Zavodu tikmiş “Azərsun Holdinq” həyata keçirir. Həmin zavod istehsal etdiyi şəkərin bir hissəsini xaricə ixrac edir. 2010-cu ildə ölkəyə 9,5 min ton şəkər idxal olunub. Şəkər istehlakı isə son 5 ildə 2,4 dəfə artıb. Təkcə ötən il Azərbaycanda şəkər istehlakı təxminən 17 faiz çoxalıb.

Yeri gəlmişkən, hazırda Azərbaycanda şəkərin adambaşına düşən illik istehlakı 31,4 kiloqramdır və ölkənin illik şəkər istehlakı təxminən 385 min tona bərabərdir. Bunun yarıdan çoxu isə xaricdən idxal olunur.

Samir Əliyev Azərbaycanda şəkərin qiymətinin niyə məhz iyul ayında sürətlə artdığına da aydınlıq gətirir. Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri analoji qiymət artımının dünyada məhz bu ərəfədə baş verməsidir. İkinci səbəb isə mövsümlə əlaqəlidir və ilin bu vədəsində Azərbaycanda şəkər istehlakı bir qayda olaraq kəskin şəkildə artır: “İyul-avqust aylarında əsas meyvə və tərəvəz tam yetişir və bu dövr mürəbbə bişirmək üçün çox əlverişlidir. Belə bir şəraitdə artan tələbat qiymətlərin də bahalaşmasına təsir göstərir”.

İnhisarçının diktəsi

Nəhayət, ekspert hesab edir ki, Azərbaycan bazarındakı monopoliya halları da qiymət artımına gətirib çıxaran əsas amillərdəndir. Onun sözlərinə görə, yerli bazarda “Azərsun Holdinq”in bu sahədə yeganə şirkət olması ictimai rəydə “qiymətləri bilərəkdən qaldıran da elə “Azərsun”un özüdür” fikrini gücləndirir və əslində bu, təsadüfi deyil: “Amma bir məsələ də var ki, “Azərsun” istəsə belə, təkbaşına Azərbaycanda şəkərə olan tələbatı ödəməyə qadir deyil. Çünki İmişli Şəkər Zavodunun illik istehsal gücü 300-350 min tondur. Tələbat isə 385 min tondan çoxdur və belə çıxır ki, “Azərsun Holdinq”in istehsal etdiyi şəkər yerli tələbatı ödəməyə yaxındır. Ancaq nəzərə alınmalıdır ki, yerli xammal şəkər istehsal etməyə imkan vermədiyindən zavod xammalı xaricdən alır. Zavodun gündəlik istehsal gücü 5 min tondur və bu, o deməkdir ki, zavod yalnız yerli xammalla kifayətlənməli olsa, ilin cəmi 2 ayını işləməlidir. Ona görə də yerdə qalan müddət ərzində işləmək üçün zavod xammalı xaricdən idxal etməyə məcburdur. İdxaldan asılılıq isə məhsulun maya dəyərinin artmasına səbəb olur”.

Xatırladaq ki, hazırda Azərbaycana şəkər tozu və xammal daha çox Braziliyadan, Ukrayna, Rusiya və İrandan gətirilir. “Azərsun Holdinq”in istehsal etdiyi şəkər isə yerli bazarla yanaşı İraq, Əfqanıstan, Türkmənistan və qonşu Gürcüstana da ixrac olunur. Samir Əliyev “Azərsun Holdinq” daxili bazarda monopolist mövqeyə malik olması fikrini bölüşür: “Təbii ki, monopolist mövqeyə malik şirkət kimi “Azərsun” qiymətləri bazara diktə edir və istədiyi vaxt qiymətləri qaldıra, yaxud da aşağı sala bilir. Çünki bazarda rəqabət yoxdur. Faktiki olaraq, şəkər idxalına ölkədə qeyri-rəsmi qadağa və kənar şirkətlər şəkər idxal edə bilməz”.

Ekspert hesab edir ki, ölkədə şəkər çuğundurunun istehsalı genişləndirilərsə, şəkərin qiyməti də təxminən 20-30 faiz aşağı düşə bilər. Onun sözlərinə görə, qiyməti ucuzlaşdırmanın yollarının biri də məhz şəkər çuğunduru istehsalının artırılmasından keçir: “Belə olsa, bir tərəfdən kənd təsərrüfatının inkişafına əlavə stimul yaradır, digər tərəfdən isə həmin xammal xaricdən gətirilən məhsulla müqayisədə daha ucuz olur. Amma bu gün kifayət qədər şəkər çuğunduru istehsal etmək imkanlarının olduğu sual doğurur. Çünki şəkər çuğundurunun becərilməsi çox əziyyətli işdir. Ona görə də mən Azərbaycanda “Azərsun”un tələbatını ödəyə biləcək qədər şəkər çuğunduru istehsal edilə biləcəyinə inanmıram”.

Samir Əliyev hesab edir ki, hökumət bu məsələdə maraqlıdırsa, ilk növbədə ölkədə şəkər çuğunduru istehsalının artmasına nail olmalı, fermerlərin həmin məhsulları becərməyə həvəsləndirməli və ən əsası gömrük prosedurlarını sadələşdirməlidir. Onun sözlərinə görə, gömrük məntəqələrində bürokratik əngəllər aradan qaldırılsa, məhsuldan əlavə ödənişlər tutulmasa, şəkər çuğunduru istehsalına diqqət artırılsa, yerli bazarlarda şəkər əhəmiyyətli şəkildə ucuzlaşacaq və qiymətlər sabit saxlanılacaq.

Qiymətlər süni şəkildə qaldırılır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə deyir ki, Azərbaycanda bir sıra məhsulların qiymətində artımların olması qiymətlərin bazar tərəfindən tənzimlənmədiyini göstərir. Onun sözlərinə görə, bahalaşan məhsulların əksər hissəsi xaricdən idxal edilir: “Azərbaycandakı son qiymət artımları süni artımlardan başqa bir şey deyil. Çünki xarici ölkələrdə qiymət artımlarının baş verdiyi müşahidə olunmur. Azərbaycanda isə son bir neçə ayda şəkər tozunun qiyməti 15 faizə qədər bahalaşıb. Halbuki, bu ilin dekabr ayının sonunda dünya bazarında şəkər tozu 62 sentə, iyul ayının 1-nə isə 53 sentə olub. Praktiki olaraq, son 6 ayda dünya bazarında şəkər tozunun qiyməti 15 faiz ucuzlaşıb”.

Qiymət artımlarının davam edəcəyi fikrində olan iqtisadçı, cari ildə inflyasiyanın 15 faizdən çox proqnozlaşdırır.

Eltac İsazadə
# 1439

Oxşar yazılar