Bakıda ən bahalı torpaq sahəsi 320 min dollardır
06 iyul 2009 18:00 (UTC +04:00)

Bakıda ən bahalı torpaq sahəsi 320 min dollardır

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi torpaq bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb.

Təşkilatda Lent.az-a daxil olan məlumatda bu ilin iyun ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil etdiyi bildirilib. İyun ayında da köhnə yaşayış evlərinin sökülməsi zəif olub, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib.

İyun ayında bazara təklif olunan ümumi 809,2 ha torpaq sahəsinin 77%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası iyun ayında bir qədər də genişlənib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,3% artaraq 229 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.

Ötən aylarda olduğu kimi, iyunda da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,5% azalaraq 20079 $/sot səviyyəsindən 19587 $/sot səviyyəsinə enib.

Ən çox qiymət azalması isə Suraxanı (-3,5%) rayonunda qeydə alınıb. Ötən ay olduğu kimi, iyun ayında da Qaradağ rayonunda torpağın qiymətində qiymət artımı (1%) davam edib.
İyunda Qaradağla yanaşı, Əzizbəyov rayonunda da nisbi qiymət artımı (0,7%) qeydə alınıb. Araşdırmalar göstərir ki, Qaradağ rayonunda yeni ticarət mərkəzinin fəaliyyətə başlaması bu rayonda əmlakın qiymətinə təsirsiz ötüşməyib.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.

Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (320000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar