Azərbaycan təbii qaz bazarı axtarır
01 iyul 2009 19:45 (UTC +04:00)

Azərbaycan təbii qaz bazarı axtarır

Hazırda “Şahdəniz” layihəsinin ikinci fazasında hasil ediləcək qazın satışına dair Rusiya, Türkiyə və bir sıra Avropa ölkələri ilə danışıqlar aparılır

Azərbaycan qazını Rusiyaya nəql etmək üçün güclü infrastruktur mövcuddur. Bu, ildə 5 milyard kubmetr nəqletmə gücünə malik Hacıqabul-Mozdok boru kəməridir. Bununla belə, həmin qaz xəttinin təmirinə ehtiyac var.

Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Rusiyaya satılacaq qazın itkisiz nəqli üçün ilin sonunadək boru xətləri tam hazır vəziyyətə gətiriləcək.

Rövnəq Abdullayev vurğulayıb ki, “Qazprom”la bağlanan müqavilədən sonra Rusiya Azərbaycanın üçüncü ən iri qaz alıcısı olur. Hazırda isə Azərbaycan yeni qaz alıcıları ilə danışıqlar aparır. Onun sözlərinə görə, imkanlar artdıqca, Azərbaycan qazı üçün yeni bazarlar axtarılacaq. Hazırda “Şahdəniz” layihəsinin ikinci fazasında hasil ediləcək mavi yanacağın satışı ilə bağlı Rusiya, Türkiyə və bir sıra Avropa ölkələri ilə danışıqlar davam etdirilir.

Xatırladaq ki, Rusiya ilə Azərbaycan hökumətləri arasında imzalanmış son sazişə əsasən, ARDNŞ gələn ildən ilk olaraq, “Qazprom” şirkətinə yarım milyard kubmetr qaz satacaq. Ancaq 2010-cu ilin payız-qış mövsümündən bu həcm bir qədər də artırıla bilər. Konkret həcm isə Azərbaycanın gələcək qaz hasilatından asılı olacaq.

Hələlik Azərbaycanın Rusiyaya qazı neçəyə satacağı barədə məlumat verilmir. Amma Rövnəq Abdullayevin sözlərinə görə, tərəflərin birgə razılaşdırdığı qiymət Azərbaycana sərf edən həddədir. Qeyri-rəsmi məlumatlara görə, Rusiya Azərbaycandan alacağı hər 1000 kubmetr qaza 350 dollar ödəyəcək.

Elxan SALAHOV
# 798

Oxşar yazılar