“Unibank”ın 83 milyon dollarlıq sövdələşməsi
19 iyun 2009 12:30 (UTC +04:00)

“Unibank”ın 83 milyon dollarlıq sövdələşməsi

Bu kommersiya qurumu Azərbaycanda beynəlxalq maliyyə institutlarından ən iri maliyyə paketi alan ilk özəl bankı oldu

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası “Unibank”-la ümumi məbləği 83 milyon dollara yaxın olan paket sövdələşməsinin bağlamaq qərarına gəlib. Qərar AYİB tərəfindən “DEG” (Deutsche Investitions - und Entwicklungsgesellschaft mbH) Almaniya sərmayə qrupu, Niderlandın maliyyə inkişaf Şirkəti (“FMO”) və Avstriya Inkişaf Banki (“OeEB”) ilə birgə Azərbaycan iqtisadiyyatının real sektorunun kreditləşdirilməsi sahəsində “Unibank”ın imkanlarının genişləndirilməsi məqsədilə qəbul edilib.

“Unibank”ın marketin departamentindən Lent.az-a bildiriblər ki, bu qurumun AYİB-dən mənimsəmələri 18,5 milyon dollar məbləğində olan əsas borcla birlikdə 42,7 milyon dolları təşkil edəcək. Alınacaq maliyyə paketində “DEG”-in, “FMO”-nun və “OeEB”-nin payları, müvafiq olaraq, 14,8 milyon, 15 milyon və 10 milyon dollara bərabərdir. “Unibank”ın xarici səhmdarları tərəfindən ayrılan vəsaitin bir hissəsi Bankın səhmdar kapitalına sərmayə qismində artıq rəsmiləşdirilib.

Bankın İdarə Heyətinin Sədri Faiq Hüseynov bildirib ki, qlobal maliyyə böhranı şəraitində iri həcmli maliyyə paketinin alınması beynəlxalq sərmayəçilər tərəfindən “Unibank”-a göstərilən yüksək etimadın növbəti təsdiqidir. Onun sözlərinə görə, bu, Azərbaycanın özəl bank sektorunun inkişafı tarixində ən iri paket sövdələşməsidir. Bank rəhbərinin fikrincə, dünya kapital bazarlarında qeyri-sabitliyə və likvidliyin məhdud olmasına baxmayaraq, BMİ ilə bundan əvvəlki layihələr də müvəffəqiyyətlə həyata keçirilib.

“Öhdəliklərin vaxtında yerinə yetirilməsi sayəsində “Unibank” kiçik və orta biznesin maliyyələşdirilməsi üçün əlavə vəsait cəlb etməyə müvəffəq olub” -deyə, Faiq Hüseynov qeyd edib.

Xatırladaq ki, “Unibank” maliyyə göstəricilərinə görə Azərbaycanın bank sektorunda önəmli rola malikdir. Bankın nizamnamə kapitalı 30 milyon manatdır, məcmu kapital isə 75,5 milyon manatdan çoxdur. Bu ilin iyun ayının 1-nə “Unibank”-ın aktivləri 366,7 milyon manatdan artıq olub, kredit portfeli isə 267 milyon manat təşkil edib. Bankın səhmdarlarının tərkibinə AYİB (15,15 faiz) və Alman sərmayə qrupu – “DEG” (8,33 faiz) daxildir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar