Azərbaycanın “Baku Fires” komandası WSB (Ümumdünya Boks Seriyası) Liqasında bu mövsüm bütün ev oyunlarını Quba Olimpiya Kompleksində keçirəcək. Lent.az-ın məlumatına görə, komandamızın qəbul edəcəyi ilk rəqib Meksikanın “Mexiko Gerreros” klubu olacaq.
Görüş noyabrın 23-də saat 19:00-da başlanacaq. Bununla əlaqədar iki komanda nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Əvvəlcə döyüş iştirakçılarının çəkiölçmə mərasimi olub. Tədbirdə WSB supervayzoru Rey Silvas bildirib ki, sabah çox maraqlı 5 döyüş keçiriləcək. O, döyüşlərin reytinq xarakteri daşıyacağını önə çəkərək, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da əhəmiyyət kəsb edəcəyini bildirib: “Növbəti olimpiadada iştirak etməyə qadir boksçuları izləyəcəyik. Yəni, bu görüş olimpiada öncəsi çox vacibdir”.
“Baku Fires”in baş direktoru Rizvan Gənciyev əvvəlki 3 mövsümdən fərqli olaraq, bu dəfə rəqiblərini paytaxtda yox, regionda qəbul etmələrinin səbəbini açıqlayıb. O bildirib ki, bölgələrdə də boksa marağı artırmaq üçün Bakıdan kənarda döyüşməyə qərar verilib: “Bu mövsüm Qubada məskunlaşacağıq. İnanırıq ki, sabah zal dolacaq. Ekoloji cəhətdən münasib, sakit yerdir. Məşqçilər də, boksçular da razıdır. Kompleks rəhbərliyinə bizə yaratdığı şəraitə görə minnətdarıq. İradımız yoxdur. Necə çıxış edəcəyimizi isə mövsüm göstərəcək”.
Gənciyev heyətdəki boksçuların əksəriyyətinin Azərbaycanda doğulanlar və ya ölkəmizin vətəndaşlığını qəbul edənlərdən ibarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Baku Fires”də cəmi 6 legioner var. Onlardan 2-si gürcü, 2-si özbək, 1-i moldovalı və 1-i belarusludur.
Baş direktor WSB Liqasında “Baku Fires”in çətin qrupa düşdüyünü də açıqlayıb. O bildirib ki, ötən ay keçirilmiş dünya çempionatında ümumi komanda hesabında ilk yerləri tutan ölkələrin komandaları Azərbaycan klubu ilə eyni qrupa düşüblər: “Çətin oyunlar olacaq. Qrupda ilk 4 yeri tutanlar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Amma 4-cü yerin sahibi kimi çıxsaq, “pley-off”da digər qrupun qalibi ilə üz-üzə gələcəyik. Ona görə də ilk 2 yeri tutmaq lazımdır ki, aşağı ranqlı komanda ilə görüşək”.
Gənciyev bildirib ki, “Mexiko Gerreros”un ilk turda Kuba komandasına 0:5 hesablı məğlubiyyəti bu rəqibin zəifliyindən yox, “azadlıq adası” təmsilçisinin güclü olmasına dəlalət edir: “Ona görə də sabahkı görüş çətin olmayacaq”.
“Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov da Qubadakı şəraitdən razılıq ifadə edib. O, WSB Liqasının komandamız üçün çox vacib olduğunu bildirib: “Burada hər şey yaxşıdır. Lazımi şərait yaradılıb. Bu turnir bizim üçün çox vacibdir. Çünki növbəti olimpiadaya lisenziya xalları yığılacaq. Təbii ki, döyüşə çox yaxşı hazırlaşıblar”.
“Mexiko Gerreros”un idman meneceri Meri Sol Qubada olduqları üçün məmnunluq ifadə edib. Sol maraqlı döyüşün alınacağına inam ifadə edib.
Qonaq komandanın baş meneceri Fransisko Boliviya qrupdakı rəqiblərlə səfər görüşlərinə getmək üçün uzun yol qət etməyə hazır olduqlarını bildirib. O, sabahkı döyüşdə böyük performans göstərmək və müsbət nəticə əldə etmək üçün çıxacaqlarını açıqlayıb.
Qeyd edək ki, “Baku Fires” – “Mexiko Gerreros” qarşılaşmasında 52 kq çəki dərəcəsində Məhəmməd Əbdülhəmidov Xantoni Ortiz Markanonu, 60 kq-da Albert Səlimov Fernando Alvaresi, 69 kq-da Məhəmməd Nuriddinov Karl Heldi, 81 kq-da Ramazan Məhəmmədov Boburbek Yuldaşevi, 91 kq-dan yuxarı çəki dərəcəsində Arslanbek Mahmudov Renat Rəhimovu sınağa çəkəcək.

Qubada olimpiya reytinqli 5 döyüş
Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02