Dünya şahmat tacı uğrunda matç başlayır
06 noyabr 2013 17:14 (UTC +04:00)

Dünya şahmat tacı uğrunda matç başlayır

Maqnus Karlsen: “Yeməkdən yox,  Ananddan ehtiyatlanıram”

 

Noyabrın 9-da Hindistanın Çennay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda matç start götürəcək. Lent.az-ın məlumatına görə, şahmat tacı uğrunda hazırkı dünya çempionu Vişvanatan Anandla İddiaçılar Turnirinin qalibi Maqnus Karlsen üz-üzə gələcək.

 

Hindistanlı Anand ilk dəfə dünya çempionluğuna 2007-ci ildə nail olub və o vaxtdan titulunu əldən vermir. O, 2008-ci ildə həlledici qarşılaşmada rusiyalı Vladimir Kramnik, 2010-cu ildə bolqarıstanlı Veselin Topalov, 2012-ci ildə israilli Boris Gelfanda qalib gəlməyi bacarıb. 44 yaşlı şahmatçının növbəti rəqibi isə norveçlidir. 23 yaşlı Karlsen martda Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş İddiaçılar Turnirində 7 rəqibini, o cümlədən, azərbaycanlı Teymur Rəcəbovu üstələyib.  

 

Anand – Karlsen matçı 12 raunddan ibarət olacaq. Hər 2 raunddan sonra şahmatçılar 1 gün istirahət edəcəklər. Son raund noyabrın 27-də oynanılacaq. 6,5 xala çatan şahmatçı qalib elan olunacaq. Heç-heçə qeydə alındıqda, şahmatçılar 4 raundluq “tay-breyk”də üz-üzə gələcəklər. Matçın ümumi mükafat fondu 1,7 milyon avro təşkil edir. Bu vəsaitin 1,02 milyon avrosu qalibə, 680 min avrosu məğluba çatacaq.

 

Karlsen Çennaya geniş tərkibli nümayəndə heyəti ilə yollanıb. O, özü ilə valideynlərini, 3 bacısını, məşqçilərini, cangüdənlərini və hətta aşpazını da aparıb. Anası və bacıları Hindistana bir neçə günlüyə, atası isə bir neçə oyunluq gedib. Karlsen matçın keçiriləcəyi “Hyatt Regency” otelində qalacaq. Anand da həmin oteli seçib. Lakin hindistanlı şahmatçı Çennaya noyabrın 8-də təşrif buyuracaq. O, həyat yoldaşı Aruna və oğlu Akhili də özü ilə gətirəcək.

 

Meneceri Espen Aqdesteynin sözlərinə görə, Karlsen yaxın 2 gün ərzində dincəlmək və yüngül fiziki hazırlıqla məşğul olmaq niyyətindədir. Aqdesteyn şahmatçının pərəstişkarlarının hədsiz diqqətindən və jurnalistlərdən qorunması üçün cangüdənlər də Çennaya gətirildiyini bildirib. Aşpaz isə Hindistanın özünəməxsus mətbəxinin Karlsenin səhhətinə problem yaratmaması üçün şahmatçı ilə səfərə çıxıb. Lakin gənc qrossmeyster daha çox Ananddan ehtiyatlandığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1478

Oxşar yazılar