“Vanik Zakaryan Bakıya gələcək”
06 may 2013 16:05 (UTC +04:00)

“Vanik Zakaryan Bakıya gələcək”

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının Bakıda keçirilən iclasının yekunları ilə əlaqədar mətbuat konfransı keçirilib. Lent.az xəbər verir ki, FİDE prezidenti Kirsan İllümjinov tədbirin uğurla təşkilinə görə qurumun 178 üzvü adından Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib.

O bildirib ki, Şuranın iclasının Bakıda keçirilməsi barədə qərar təsadüfi olmayıb. Çünki AŞF şahmatın inkişafı və populyarlaşması üçün böyük işlər görür. Toplantıda 50-dək məsələyə baxıldığını deyən İllümjinov çıxarılan qərarları açıqlayıb. O, Bakıda 2015-ci ildə keçiriləcək Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası ilə əlaqədar daimi İşçi Qrupun yaradıldığını bildirib. Şuraya bu istiqamətdə fəaliyyətə başlaması təklif olunub.

FİDE-nin I vitse-prezidenti Georgios Makropulos olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da oyun məkanının gözəl olduğunu bildirib: “Yarışlar yaxınlaşdıqca Möhtəşəm yarışın keçiriləcəyinə əmin olacaqsınız. Təşkilatçılarla 2-3 aydan bir görüşəcəyik”.

 

Prezident Şurasının üzvlərindən biri FİDE-nin fəxri vitse-prezidenti Vanik Zakaryandır. Lakin o, Bakıya gəlməyib. FİDE prezidenti bunu belə izah edib: “O, Bakıya gəlməli idi. Srağagün Cenevrədə qadınlar arasında Qran Pri keçirilir. O, Apellyasiya Komitəsinə rəhbərlik edir. Amma Bakıya gələcək. Çünki Olimpiadanın Təşkilat Komitəsinin üzvüdür. Ermənistan yığmasının olimpiadada iştirakına gəlincə, bu istiqamətdə hər zaman danışıqlar aparılıb. Digər tərəfdən, onlar rəsmən imtina etdiklərini heç zaman deməyiblər. Şuranın ilk iclası da Ermənistanda keçirilmişdi və bu ölkənin prezidenti Serj Sərkisyanla görüşmüşdük. Bu günədək onlardan heç bir imtina cavabı almamışıq. Həm də Prezident Şurasının ilk 2 iclasının İrəvanda və Bakıda keçirilməsi təsadüfi deyil. Ermənistandakı toplantıda jurnalistlər sual verdilər ki, Bakıda təhlükəli olmayacaq? Mən isə onlara öz fondum hesabına 25-dək jurnalisti Bakıya aparmağı və ölkəmizdə inkişafı, yarışın necə keçirilməsini öz gözləri ilə görməyi təklif etdim. Mətbuat konfransından sonra onların bəziləri adlarını yazdırmalarını istədilər. Yəni, onlar gəlsələr, buradakı inkişafı görə bilərlər”.

Prezident Şurasında dünya çempionluğu uğrunda hindistanlı Vişvanatan Anandla norveçli Maqnus Karlsen arasındakı matçın noyabrda Hindistanın Çennay şəhərində keçirilməsi də qərara alınıb. Lakin Karlsen Anandın vətənində oynamağa razı deyil. İllümjinov isə bildirib ki, bu və ya digər idmançı müxtəlif texniki səbəblərdən turnirə gəlmirsə, bunu normal qarşılamaq olar. Lakin iştirak etmək istəməməsi siyasi səbəblərlə əlaqədardırsa, FİDE buna neqativ yanaşır: “Bizim devizimiz var: “Şahmat bir ailədir” və buna uyğun da hərəkət edirik”.

Makropulos isə İddiaçılar Turnirində SOCAR-ın keçirdiyi mərasimə 2 şahmatçının - Teymur Rəcəbov və Levon Aronyanın gəldiyini xatırladıb: “Gələcəkdə bütün FİDE üzvlərinin belə davranacağına ümid edirik. Maqnus Karlsenin də Veselin Topalov kimi təşkilatçılara hörmək nümayiş etdirəcəyinə və Anandla görüşə gələcəyinə ümidvaram”.

FİDE-nin vitse-prezidenti D.V.Sundar Hindistanın Çennay şəhərində indiyədək şahmat üzrə bir çox nüfuzlu yarışın keçirildiyini xatırladıb. Onun sözlərinə görə, Hindistan son zamanlar iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrdəndir.

Digər vitse-prezident İsrael Gelfer isə deyib ki, Çennaydakı otel 5 ulduzlu otel olsa da, 6 ulduzlu da demək olar. İştirakçılar indiyədək görmədikləri şəraitlə qarşılaşacaqlar. Ona görə də şəraitdən şikayətlənməməlidirlər”.

Makropulos isə deyib: “Belə rəy yaranıb ABŞ və Qərbi Avropa ölkələrində hər hansı nüfuzlu yarış keçirilmirsə, aşağı səviyyəli olacaq. Məsələn, bu il Norveçdə keçirəcəyimiz Dünya Kubokunun 2015-ci ildə Bakıda təşkil olunacaq eyni yarışdan daha yüksək səviyyədə təşkil olunacağını güman edirlər. Amma həm Bakıdakı Dünya Kuboku və olimpiada, həm də Hindistandakı çempionluq matçı yüksək səviyyədə keçiriləcək”.

Qeyd edək ki, Dünya Kubokunda 128 şahmatçı iştirak edəcək. Onlardan ilk 2 yeri tutanlar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

# 1191
avatar

Oxşar yazılar