“Qəbələ”dən daha bir ilk
19 dekabr 2012 16:36 (UTC +04:00)

“Qəbələ”dən daha bir ilk

“Qəbələ” futbol klubu daha bir ilkə imza atıb. Lent.az-ın məlumatına görə, klub nəzdində seleksiya qrupu yaradıb.

 

“Qəbələ” Futbol Akademiyasına istedadlı futbolçuların cəlb olunması üçün daha öncə il ərzində bir neçə dəfə seçimlər keçirən klub bu sahədə işləri sürətləndirmək və daha effektiv nəticə qazanmaq məqsədilə bu addımı atıb. Qrupa tanınmış mütəxəssis Böyükağa Ağayev rəhbərlik edir. Seleksiya işlərində Ağayevə Cavanşir Novruzov (Bakı zonası), Azər İsmayılov (Şimal zonası), Teymur Hüseynov (Mərkəzi Aran rayonları), Rövşən Süleymanov (Cənub), Firuz Qulami (Gəncə) kömək edəcəklər.

 

Onlar ölkə ərazisində 10 - 16 yaşlı futbolçular arasında keçirilən yarışları izləyəcək, istedadlı futbolçuları müəyyənləşdirəcək və çıxışlarını mütəmadi diqqətdə saxlayacaqlar. Nəticədə potensialı olan gənclər haqqında məlumat bazası formalaşdırılacaq.

 

Seleksiya qrupunun yaradılması zamanı Avropa klublarının təcrübəsindən yararlanan “Qəbələ” bu addımı atmaqla akademiyanın bütün yaş qruplarını gələcək vəd edən futbolçularla təmin etməyi hədəfləyir.

# 823
avatar

Oxşar yazılar