Çempionlar Liqasının III turunda Danimarka “Kopenhagen”i ilə keçirəcəyi oyun ərəfəsində Türkiyənin “Qalatasaray” klubunun 3 futbolçusu zədələnib. Lent. az-ın məlumatına görə, bunlar qapıçı Fernando Muslera, mərkəz müdafiəçisi Orelyen Şedju və yarımmüdafiəçi Uesli Sneyderdir.
Hər 3 oyunçu “sarı-qırmızılar”ın Türkiyə Superliqasının 10-cu turunda “Konyaspor”la keçirdiyi matçda xəsarət alıb. Klubun rəsmi saytı Musleranın sağ ayaq barmağının qırıldığını, Sneyderin sağ ayaq əzələlərində, Şedjunun isə belində problemin yarandığını xəbər verib. Futbolçuların müalicəsinə başlanılsa da, zədələrinin nə dərəcədə ciddi olduğu bilinmir.
Qeyd edək ki, “Kopenhagen” – “Qalatasaray” matçı noyabrın 5-də keçiriləcək. “Konyaspor”la matç “Cim-Bom”un qələbəsi ilə yekunlaşıb – 2:1.