Bədəvi İsmayılın milyonçu oğlu : "Mən onun bacısı olduğunu bilmirdim" - YUBİLEY
23 iyun 2022 19:00 (UTC +04:00)

Bədəvi İsmayılın milyonçu oğlu: "Mən onun bacısı olduğunu bilmirdim" - YUBİLEY

“Ağ Pele”, CR7, “Uça bilməyən hollandiyalı”,  “Karpat Maradonası”. Futbola az-çox maraqlananlar bilir kimlərin ləqəbləridir bunlar. Bilməyənlər üçün isə deyək: Söhbət Ziko, Ronaldu, Berkamp və Hacıdan gedir. 

Onu isə “Zizu” deyə çağırırdılar. Bədəvi İsmayıl və Malikənin oğlanları, sonucu, beşinci övladları. 

Adın Zinəddin qoymuşdular. Amma Əlcəzairin qumluq çöllərində yox, dünyaya gəlmişdi o.  Ata və anası hələ o anadan olmamışdan illər öncə Fransaya üz tutmuşdular. O da elə Marseldə göz açmışdı. 1972-ci ilin bu günü, iyunun 23-də. 

Atası Marseldə mağazada gecə gözətçisi işləyib. Uşaq yaşlarından futbola maraq göstərib, ilk vaxtlar küçələrdə qonşularla futbol oynayıb. Peşəkar karyerasına isə Fransanın “Kann” klubunda başlayıb.

“Nant”la oyunda debüt edib. 1988-1989 mövsümündə futbolçu cəmi 2 oyunda meydana çıxıb. Sonrakı illərdə yarımmüdafiəçi öz oyunu ilə məşhurluq qazandı. Zidanın topla davranışı, manevrlər edərək rəqib komandanın müdafiəsini keçməsi, öz komanda yoldaşlarını başa düşməsi digər futbolçulardan fərqlənirdi. 

1992-1996-cı illərdə “Bordo”, 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 

1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.

2006-cı ildə dünya çempionatının gümüş medalını, 1996-cı ildə Avropa çempionatının bürünc medalını qazanıb. Üç dəfə dünyanın ən yaxşı futbolçusu seçilib. 2006-cı ildə futbolçu karyerasını bitirib. Daha sonra “Real Madrid” klubunda prezidentin müşaviri, idman direktoru, baş məşqçinin assistenti vəzifələrində çalışıb. Baş məşqçisi olub. Bu klubla üç dəfə Çempionlar Liqasını qazanıb. İki dəfə İspaniya çempionu olub. Onun baəladığı kontraktların həcmi isə onmilyonlarla ölçülür.

Zidan müxtəlif xeyriyyə oyunlarında iştirak edib, böyük şirkətlərin reklam çarxlarında çəkilib. 2006-cı ildə keçirilən dünya çempionatı isə onun futbol karyerasında on illərlə danışılan və dartışılacaq yer tutub. Çempionatının finalında İtaliya ilə oyunun 7-ci dəqiqədə 11 metrlik cərimə zərbəylə fərqlənənək hesabı açıb. Oyunun 90 dəqiqəsi 1-1 hesabı ilə başa çatdığından  əlavə vaxt oynanılıb. Əlavə vaxtın 110-cu dəqiqəsində italiyalı müdafiəçi Materatsinin sinəsinə kəllə vurduğuna görə, meydandan qovulub. Sonucda Fransa uduzdu. 

Zidan final oyunundan sonra soyunub-geyinmə otağına gedərərək komanda yoldaşlarından üzr istəmişdi. “Amma ölərəm, Materatsidən üzr istəmərəm. Belə addım atsam, şərəfimi ləkələmiş olaram” demişdi. 

Bir neçə ildən sonra isə etirag edəcəkdi: “O zaman mənə göstərilən qırmızı vərəqə düzgün qərar idi. Buffon hakimi mənim hərəkətim barədə məlumatlandırmaqla, düzgün hərəkət etdi. Bilmirəm, əgər həmin epizoddan sonra meydanda qalsaydım və Fransa dünya çempionu olsaydıq, indi hansı hissləri keçirəcəkdim”.

Materatsi isə belə deyəcəkdi: ”Mən artıq bu barədə çox danışmışam. Yenə də deyirəm, mən həmin vaxt onun anasını deyil, bacısını söymüşdüm.  Amma Zidanın bacısının olduğunu bilmirdim. Zidanın həmin söyüşə belə sərt reaksiya verməsini ilk öncə anlamadım. Ancaq sonra bəlli oldu ki, Zidanın həqiqətən də bacısı var imiş. Təbii ki, burada Zidan məni vurmaqda haqlı idi. Ana söyüşünə gəldikdə isə mən bu kəlməni heç kimə qarşı işlətmirəm”. 

Tanınmış idman jurnalisti Enrike Orteqa onun haqda “Zidan, sadə qəhrəmanın zərifliyi” adlı kitab yazıb. Elə o Materatsi də “Əslində mən Zidana nə dedim” kitabında bu mövzudan bəhs edib. 

Əlcəzairli heykəltəraş Adel Abdessəməd kəllə epizodunin heykəlini hazırlamağı qərara alıb. Heykəltəraşlıq işinin adı “Kim böyük dəhşətli canavardan qorxur?” adlandırıb. 

Ən sonda, Zidan bizlərə təkcə dünya ulduzu kimi tanış deyil. O, Fransa millisinin heyətində vurduğu 31 qolun birini Azərbaycan millisinin qapısından keçirib. Məşhur  Oser faciəsində, 6 sentyabr 1994-cü ilə,  Azərbaycan futbolunun ən qara günündə. 

Və bu gün onun 50 yaşı tamam  oldu...

# 3330
avatar

Səbuhi Sədəf

Oxşar yazılar