“Neftçi”dəki istefalarla bağlı qərar verildi
02 noyabr 2012 00:52 (UTC +04:00)

“Neftçi”dəki istefalarla bağlı qərar verildi

“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov Həcc ziyarətindən qayıtdıqdan sonra iclas çağırıb. Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, klubdaxili toplantıda komandanın Avropa Liqası və Topaz Premyer Liqasındakı çıxışı ilə bağlı müzakirələr aparılıb.

Məşqçilər korpusu Rusiya “Rubin”inə 0:1, “Rəvan”a isə 0:2 hesablı məğlubiyyətlərlə bağlı Sadıqova hesabat verib. “Neftçi”nin məğlubiyyətlərinə 3 əsas səbəb göstərilib:

1. Müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandanın təlim məşq toplanışları səbəbindən çempionatda yaranan fasilələr və bunun nəticəsində Topaz Premyer Liqasının təqvimində əmələ gələn sıxlıq.

2. Çempionatın təqvimi tərtib olunarkən Avrokubokların qrup mərhələsinin oyunlarının nəzərə alınmaması.

3. Bunların məntiqli nəticəsi kimi, Avropa Liqası turnirindəki Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin oyunlarını sıx qrafikdə keçirməsi.

Üstəlik “Neftçi” əsas hədəf kimi Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməklə yanaşı, gənc futbolçuların inkişafı strategiyasını seçib.

Bu mövsüm iddialı çıxışı ilə diqqət çəkən “Simurq” üzərində qələbə və itirilmiş xallara görə komandanın potensial lider olması “Neftçi”nin doğru yolda olduğuna dair daha bir sübut kimi dəyərləndirilib.

Sadıqov Azərbaycan futbolunda ilk dəfə tarixi uğura imza atmış klubun rəsmilərinin və məşqçilər korpusunun istefalarını qəbul etməyib. Bundan başqa klub prezidenti obyektiv səbəbləri nəzərə alaraq, buraxılan səhvlərin qısa zamanda aradan qaldırılmasını tələb edib.

Toplantıda “Neftçi”nin bu mövsüm də yalnız çempionluğu və avrokuboklarda yeni uğurların qazanılmasını hədəflədiyi vurğulanıb. Buna görə də Sadıqovun tapşırığı ilə qərara alınıb ki, klubun yeni inkişaf strategiyası planı hazırlansın. Həmçinin heyətin gücləndirilməsi üçün transfer dönəmində “Neftçi”yə yeni futbolçular cəlb olunsun.
# 1620

Oxşar yazılar