Kuarejma “Beşiktaş”ın məşqindən də qovuldu
19 oktyabr 2012 16:37 (UTC +04:00)

Kuarejma “Beşiktaş”ın məşqindən də qovuldu

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Samet Aybaba portuqaliyalı futbolçu Rikardu Kuarejmanın məşqi izləməsinə də qadağa qoyub. Lent.az-ın məlumatına görə, türkiyəli mütəxəssis komandada arzuolunmaz adam elan olunan Kuarejmanı tribunadan qovub.

29 yaşlı yarımmüdafiəçi klubun bazasına boynundakı ağrıları ilə əlaqədar gəlib. O, tibbi müayinə keçib və bu zaman məşqə çıxan “ağ-qaralar”ın məşqini izləmək istəyib. Kuarejma əvvəlcə klubdakı həmyerlisi Uqu Almeyda ilə görüşüb. Ardından futbolçu meydanın kənarındakı tribunada oturub.

Bu zaman onu görən Aybaba qəzəblənib. O, klubun mühafizəçilərinə “Bunun burada nə işi var? Qalxıb getsin” əmrini verib. Mühafizəçilər Kuarejmaya göstərişi mədəni formada çatdırıblar. Portuqaliyalı ulduz isə heç bir etiraz etmədən bazanı tərk edib.

Qeyd edək ki, Rikardu Kuarejma bir müddət öncə “Beşiktaş”ın əsas heyətindən kənarlaşdırılıb. Lakin onun klubla müqaviləsi davam etdiyindən, hər ay 375 min avro maaş alır.
# 1009

Oxşar yazılar