Tanınmış türk futbolçu buddist oldu
26 sentyabr 2012 12:17 (UTC +04:00)

Tanınmış türk futbolçu buddist oldu

Vaxtilə Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış etmiş Berkant Göktan buddizmi qəbul edib. Lent.az-ın məlumatına görə, uyuşdurucu maddə qəbulundan imtina edən 32 yaşlı oyunçu pəhriz saxlayır.

Artıq ailə quran Berkant yenidən özünü yaşıl meydanlarda göstərmək niyyətindədir: “Mən futboldan başqa heç nə bilmirəm. Özümü təkrarən sınamaq istəyirəm. Bacardığım işi çox yaxşı bilirəm. Buna həm futbolçu, həm də bir insan kimi çox ehtiyacım var”.

Qeyd edək ki, Berkant Göktan ötənlərin tanınmış futbolçusu sayılır. 1980-ci ildə Almaniyada doğulmuş Göktan “Bavariya”nın futbol məktəbini keçib. O, 2001-ci ildə “Qalatasaray”a, 2004-cü ildə “Beşiktaş”a transfer olub. 2005-ci ildə Almaniyaya qayıdan Berkant “Kayzerslautern” və “Münhen 1860” klublarında çıxış edib. 2008-ci ildə onun adı kokain qalmaqalında hallanıb. 2010-cu ildə Tailandın “Muanqtonq Yunayted” klubuna transfer olan türk futbolçu bu il yenidən Almaniyaya dönüb. Amma o, “Münhen 1860” və “Unterhahinq” komandaları ilə anlaşa bilməyib. Berkant 2000-ci ildə Azərbaycanda da olub. O, Türkiyənin gənclər yığmasının heyətində millimizə qarşı çıxış edib. “Ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda qollardan birini məhz Göktan vurub.
# 1683

Oxşar yazılar