20 yaşını yayda tamamlamışdı. “Bir il də belə getdi, ad günüm mübarək!”, yazıb özünü təbrik etmişdi. Nəsildə yaşca ən balaca o idi, amma tez böyümüşdü və hətta döyüşlərdə şücaət göstərib, Vətən uğrunda, Şuşa uğrunda əlbəyaxa döyüşə biləcək qədər böyümüşdü. Amma biz onu hələ də uşaq bilirdik. 1 metr 63 sm boyu var idi, uşaqlara xas nurlu siması vardı, amma Vətən boyda ürəyi də varmış, şəhid leytenant Yaqub Nəcəfovun...
Yaqub Məhəmməd oğlu Nəcəfov 7 iyul 2000-ci ildə Culfa şəhərində ziyalı ailəsində doğulub. Valideynlərinin hər ikisi müəllimdir. Halal zəhmətlə böyümüş, savadı, tərbiyəsi, davranışları ilə seçilirdi. Hər zaman üzündə özünəməxsus təbəssüm görmək olurdu. Azərbaycan Ali Hərbi Məktəbinin dördüncü kursunda, Vətən müharibəsi başlayanda kursant Yaqub Nəcəfov leytenant rütbəsi alıb, döyüşlərə atılmışdı. Əsgərləri ilə fəxr edir, onlarla fotosunu paylaşanda “Canavarlarım mənim!” yazırdı. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edir. Sonuncu dəfə Şuşadan qardaşına mesaj göndərib: “Şuşanı aldıq. Qələbə bizimdir”. Söhbətlərinin birində “Hamı vətənini sevə bilər, amma hər insan vətənini şəhid olmağa hazır olacaq qədər sevə bilməz” deyibmiş.
***
Şəhid leytenant Yaqub Nəcəfov Vətən müharibəsində iştirak edən üç qardaşdan ən kiçiyi idi. Ailədə üç uşaq idilər, üçü də ön cəbhədə, düşmənlə üz-üzə döyüşürdülər. Baş leytenant İbrahim Nəcəfov və onun əkiz qardaşı baş leytenant İsmayıl Nəcəfov Azərbaycan Ali Hərbi Məktəbin məzunlarıdır. 2016-cı ildən Qarabağ bölgəsində ön xətdə zabit kimi Vətənə qulluq edirlər. Məzun olduqdan sonra onlara Naxçıvanda, hətta ailəsinin yaşadığı Culfada zabit kimi hərbi xidmətini davam etdirmək təklif olunsa da, qardaşlar məhz Qarabağ bölgəsində ön cəbhədə xidmət etməyi üstün tutublar. Baş leytenant İsmayıl Nəcəfov deyir ki, biz düşünürdük ki, əgər bu sənəti seçmişiksə, yolumuz hərb yoludursa, ön xətdə olmalıyıq, düşməndən qisas almalıyıq. Azərbaycan qalib ölkə kimi dünyada tanınmalıdır. Şəhid qardaşım da belə düşünürdü. Elə buna görə bu sahəni seçdi.
***
Nəcəfovlar ailəsinin hərb sənətinə marağı uşaqlıqdan olub. Əmiləri I Qarabağ müharibəsində, atası ermənilərin Naxçıvana hücumunun qarşısının alınmasında iştirak edib. Dayısı hərbi müəllim kimi şagirdlərə bu sənəti sevdirən tanınmış müəllimlərdəndir. Şəhid Yaqub Nəcəfov qardaşlarını hərbi formada görəndən sonra arzusunu qətiləşdirib. Sənədlərini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə verib. Valideynləri onun seçiminə hörmətlə yanaşsalar da, qardaşları etiraz ediblər: “Biz istəyirdik ki, üçümüzdən birimiz, heç olmasa valideynlərimizin yanında qalsın. Biz xidmətlə əlaqədar valideynlərimizə yetərincə diqqət ayıra bilmirdik. İstəyirdik ki, heç olmasa o fərqli sahəni seçsin. Ondan incidik, hətta bir müddət buna görə onu danışdırmadıq. Amma o qərarında israr etdi. Ona dedik biz ikimiz də cəbhədə ön xətdəyik, heç olmasa elə istiqamət seç ki, nisbətən sənə rahat olsun. Ehtiyac yarananda valideynlərimizin qayğıları ilə məşğul ola biləsən. Amma sonradan eşitdik ki, özü ixtisas seçimində könüllü olaraq piyada qoşunlarının tərkibində ön xətdə zabit kimi fəaliyyət göstərmək arzusunu seçib”.
***
Şəhid atası Məhəmməd Nəcəfov Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq torpaqlarımızın işğaldan azad edilməsində övladlarının göstərdiyi qəhrəmanlıqlardan fəxrlə danışır: “Çoxları onu uşaq bilirdi. Amma böyük ürəyi var idi. Avqust ayında Beyləqanda keçirilən təlimlərdə iştirak edirdi. Mənə dedi ki, ata, ürəyini buz kimi saxla, biz qələbəyə çox yaxınıq. Oktyabrda onu Gəncədə dağ döyüşləri üçün hazırlayırdılar. Mən bir çox şeyi sonradan onun hərbiçi yoldaşlarından öyrəndim. Digər oğlum İbrahim Ağdamda yaralandığından Bakıya gəlməli oldum. Fürsət tapıb, Gəncəyə gedib, onunla görüşdüm. Leytenant rütbəsi almışdı və ordumuzun cəbhədə qazandığı uğurlara görə körpə uşaq kimi sevinirdi. İstəyirdi ki, bu işdə onun da əməyi olsun. Səhərdən axşama qədər təlimlərdə olurdu. Özü deməsə də hiss edirdim ki, hansısa ciddi əməliyyatlara hazırlaşırlar”.
***
Şəhid leytenant Yaqub Nəcəfov şərəfli döyüş yolu keçib. Füzulinin, Cəbrayılın, Şuşanın azad olunmasında fəal iştirak edib. Dirsəyində bıçaq, ayağında güllə izləri onun Şuşa uğrunda baş verən əlbəyaxa döyüşlərdə də iştirakından xəbər verir. Şəhidin döyüşlərdə yaralanan qardaşı baş leytenant, qazi İbrahim Nəcəfov 2016-cı ildən Tərtər və Ağdamda ön cəbhədə qulluq edir. Deyir çox istərdim, Şuşanın alınmasında mən də iştirak edim.
- Amma bu mənə yox, qardaşıma nəsib oldu. Şəhadətə yüksəlmək onun nəsibində varmış. Təəssüf ki, mən döyüşlərdə tez yaralandım. Gözümdən, əlimdən, ayağımdan aldığım qəlpə yaralarına görə həkimlər döyüşə davam etməyə imkan vermədilər. Çox israr etdim. Amma eşidəndə ki, məni helikopterlə çıxarılmağımın vacibliyindən danışırlar, məsələnin ciddiliyini anladım. Yaralanan heç bir döyüşçü yoldaşımız geriyə qayıtmaq istəmirdi. Deyirdik icazə verin, yaralı da olsaq, son damla qanımıza qədər döyüşək və şəhid olaq. Sonra helikopterin düşmən tərəfindən vurulma təhlükəsini nəzərə alaraq, öncə bizi avtomobillə Yevlaxa, sonra Bakıya çatdırdılar. Düşünürdüm ki, kiçik əməliyyatdan sonra yenidən cəbhəyə qayıdacağam. Amma həkimlər buna imkan vermədilər. Bakıda bir ay ərzində dörd dəfə əməliyyat olunmuşam”.
Qazimizdən şəhid qardaşını necə xatırladığını soruşuram. Deyir, balaca qardaşım sual verməsən danışmazdı, utancaq idi, amma işində çox məsuliyyətli və mərd idi. O, evimizin sonbeşiyi idi, nəsildə də ən balacamız idi, şəhidlik mərtəbəsinə yüksələrək ən böyüyümüz oldu. Onun xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Şəhidin atası Məhəmməd Nəcəfov sevinir ki, şəhidlərimizə, qazilərimizə ümumxalq hörməti ən yüksək səviyyədədir: “Bu fani dünyada hər insan bir amalla yaşayır. Mənim övladlarım üçün Vətənin azadlığı hər şeydən öndə gəlirdi və buna görə onlarla fəxr edirəm, qürur duyuram. Yaqubun xatirəsi hər zaman yaddaşlarda qəhrəman hərbiçi kimi qalacaq. O, bu gün xalqın övladına çevrilib. İşğaldan azad olunan torpaqlarımız çiçəkləndikcə, vətənimiz qüdrətləndikcə onun da xatirəsi əbədi yaşayacaq”.
Ceyhun Zərbəliyev