O, cəmi 31 il yaşamışdı. 1987-ci ildə Bakıda avtomobil qəzasında həyatını itirmişdi. Həmin vaxt baş verən hadisə ətrafında o qədər söz-söhbət gəzir, o qədər şayiə yayılır ki, bu qəzanın hətta sui-qəsd olduğunu belə əminliklə deyirdilər.
Elə həmin vaxt Kürdəmirdə onun dəfnini də tezləşdirmişdilər. İttifaqın müxtəlif yerlərindən oğru dünyasının adamlarını Kürdəmirə yığışmasına imkan verməmişdilər. Əslində, doğrudan da bu dünyanın SSRİ səviyyəsində tanınmış, əksər klassik oğrular kimi yolu “maloletka”dan keçmiş birini dəfnində çoxları iştirak etmək istəyirdi...
Dedik axı, 31 yaşı vardı dünyasını dəyişəndə. 1956-cı il iyulun 15-də Kürdəmirdə Novruz kişinin ailəsində anadan olmuşdu Əlipaşa. Xatırlayanlar deyir ki, sakit, başıaşağı uşaq olub. Çoxları onun yaxşı təhsil alıb gözəl gələcək quracağını düşündüyü halda onun həyat kitabına tamam başqa şeylər yazacaqdı. Tamam başqa şeylər. Tale onu elə yerlərə aparıb çıxaracaqdı, ona başqa müsibətlər yaşadacaqdı. Elə həbsxanalarda, elə adamlarla dustaq həyatı yaşayacaqdı ki? Bütün bunlara isə hələ vardı…
Təsadüfən törətmişdi ilk cinayətini. Orta məktəbdə oxuyarkən. Ehtiyatsız bir hərəkət...
Sovet qanunları ilə onu Bakıya, “maloletka”ya (yetkinlik yaşına çatmayanlar islah müəssisəsinə) göndərirlər. O dövrdə “maloletka”lardakı vəziyyət həddindən artıq dözülməz idi. Orda nəinki islah olunurdular, hətta əksinə, daha qatı cinayətkara çevrilirdilər. İşgəncə, zorlama, hədə-qorxu burda adi hala çevrilmişdi. Elə buna görə də, “maloletka”da cəza çəkən uşaqların çoxu qəddar olur, mərhəmət hissini itirirdi.
Həmsöhbətimiz deyir ki, məhz bu səbəbdən orada ədalət hissini itirməyən, haqqı müdafiə edənlər tez önə çıxırdılar.
“Düzdür, onları sındırmaq istəyirdilər. Amma onlar karsa salnmalarına, bu və ya digər təxribata baxmayaraq ayaq üstə dura bilirdilər. Əlipaşa da belə uşaqlardan olur. Yəqin bilirsiniz, ən nüfuzlu kriminal avtoritetlər də etiraf edirlər ki, “maloletka”dan baş çıxarmaq heç də asan məsələ deyil. Çünki orda zəifə yer yoxdur. Əlipaşa isə daim zəifin yanında olub. Onu müdafiə edirdi. Sizə bir fakt deyim. O yeniyetmə ola-ola “maloletka”da “obşak” yaratmışdı. Ona min zülm etmişdilər. Amma sınmamışdı. Hətta etiraz olaraq bir dəfə “maloletka”nı belə yandırmışdı”.
Bu isə ona baha başa oturmuşdu. 1979-cu ildə onu Rostov vilayətinə, dövrün ən amansızlarından olan Novoçerkask həbsxanasına yatab edirlər. Burada isə ona oğru adı veriləcəkdi. O dövrdə Novoçerkask həbsxanasında Edik Moskva, Busıqa Kazanski, Uşba Oçamçirski, Spartak Kaxetinski, Vaso, Şalva kimi oğrular cəza çəkirdi. Elə Əlipaşaya oğru tacını da onların verəcəkdilər. Bundan sonra Əliyev Əlipaşa, Əlipaşa Kürdəmirski kimi tanınacaqdı.
Əlipaşa Novoçerkasda daha bir cinayət törədir. 1982-ci ildə onu Sibirə Nyumud həbsxanasına aparırlar. Özü hələ Nyumuda çatmamış barəsində xəbər tuturlar. Dustaqlar nüfuzlu avtoriteti böyük sevinclə qarşılayırlar. Bu məqam isə həbsxana rəhbərliyini bərk narahat edir. Onları narahat edən ən maraqlı məqam əsə Əlipaşanın ad günündə baş verir. Dustaqlar 15 iyulu bayram kimi qeyd edirlər. Həmin gün həbsxananın poçtuna onun ünvanına yüzlərlə təbrik açıqcası göndərilmişdi.
Çoxu da bu məzmunda: “Əziz qardaşımız Əlipaşa. Sənə uzun ömür və can sağlığı arzulayırıq. Dustaq ömrün tez başa çatsın”.
Əlipaşa Nyumuddan həbsdən çıxandan sonra Çelyabinskə gəlir. Həmin vaxt vilayətin Zlatoust şəhər həbsxanasında başqa bir azərbaycanlı “qanuni oğru” Vaqif Şamaxinski, cəza çəkirdi. O zaman Vaqifin bakılı erməni “qanuni oğru”lar Oqanov qardaşları ilə münasibətləri kəskin idi. Əlipaşa öz nüfuzundan istifadə edərək
Oqanovlara yerlərini göstərir, onların dərsini verir. Deyilənə görə, Əlipaşa qəzaya düşüb həlak olanda, başına döyüb hönkür-hönkür ağlayırmış Vaqif.
Azərbaycana qayıtmağa tələsmir Əlipaşa Kürdməirski. Moskvaya gəlir. Bir müddət burada qalır. Həmin vaxt əslən Azərbaycandan olan avtoritetlər “Domodedovo” aeroportu yaxınlığında yerləşən “Olimp” otelinə yığışırdılar.
Bütün “razborka” və “sxodka”lar da burada keçirirdi. Əlipaşa bu dairədə böyük nüfuz sahibi kimi qəbul edilirdi. Deyilənə görə, “Vıxino”, “Çeryomuşka”, “Xlebnikovo” kimi iri meyvə-tərəvəz bazalarının çeçen və Dağıstan mafiyasının əlinə keçməməsinə səbəbkar da o olmuşdu. Yeri gəlmişkən, bunu Moskvada hələ də unutmurlar.
***
...O, həmin gün Kürdəmirə getməliydi. Bakıda bir-iki işi vardı, onları görüb rayona gedəcək, bir neçə gün qaldıqdan sonra geri, Moskvaya qayıdacaqdı. Tanıyanların dediyinə görə, əyləşdiyi avtomobili yolun kənarına sıxmışdılar. Sürücü idarəetməni itirmiş, maşın bir neçə dəfə aşmışdı. Sui-qəsd idimi, ya adi qəza, bunu üzə çıxaran olmamışdı. Hadisənin istintaqı belə düz-əməlli aparılmamışdı.
Əlipaşanı doğma Kürdəmirdə təntənəylə dəfn edirlər. Yerli partiya komitəsi, milis nə qədər çalışsa da, izdihamın qarşısını ala bilməmişdi.
Bakı-Kürdəmir
- İran şahı onu öz nəvəsinin toyuna çağırmışdı, ona elə bir hədiyyə vermişdilər ki...
- Ali Sovetin deputatlığından rəsmən imtina etmişdi, çünki iki arvadı...
- Həkim ona demişdi ki, mən belə xəstə görməmişəm, sənin ürəyin şişib...
- Onun ölümü ilə bağlı hələ də əfsanələr gəzir, amma heç kim bilmir ki...
Lent.az-da qalın, başqa heç yerdə oxumayacaqsınız...