Həmin, hə, Yalamadan keçib gələn həmin zirehli qatar “Sarvan” stansiyasında dayandı. Daha doğrusu dayanmağa məcbur edildi. Çünki relslər sökülmüşdü, ətrafda barrikadalar qurulmuşdu. Silahlı yerli sakinlər və qonaqkəndli qaçağın dəstəsi zirehli qatardakıların gələnlərin hansı hərəkəti edəcəyini gözləyirdilər.
Elə bu vaxt qatardan səsgücləndirici vasitəsi ilə müraciət edili: “Atmayın, sözümüz var”. Qatardan silahlılara müraciət edən şəxs Qəzənfər Musabəyov idi. Silahlar endirilir, bir qədər sonra qatarın qapısı açılır və əlində səsgücləndirici olan şəxs sözünə davam edir: Biz Anadoluya gedirik, yol verin. Vuruşsanız sizə ziyan olacaq. Qırmızı orduya qalib gəlmək mümkün deyil”. Amma onu eşitmirlər. Qərar qətidir: Qatar Bakıya getməyəcək! Musabəyov müraciətini bitirən kimi qatara qayıdır. Və döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdırır. Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını dərk edir, sağ qalanları da götürüb Babadağa çəkilir...
Bəs kim idi bu qaçaq Mayıl? Əslində, onun fəaliyyəti tarixçilər tərəfindən az araşdırılıb. Bir növ tərcümeyi-hal xarakterli qeydlər, vəssəlam.
Amma adamın adı ətrafında kimlərin adları çəkilmir?
Məmmədəmin Rəsulzadə, Mircəfər Bağırov, Fətəli xan Xoyski, 20-ci əsr Azrbaycan kommunistlərinin rəhbərlərindən olan Qəzənfər Musabəyov, Hüsü Hacıyev və daha kimlərin.
Adam film kimi həyat yaşayıb.
Adamın dəqiq doğum tarixi məlum deyil.
Adamın hansı şəraitdə ölməyi belə düz-əməlli öyrənilməyib
Amma adam çar Rusiyasının yüzbaşısı olub.
Adam Rəsulzadəylə dostluq edib.
Adam Türkiyə istiqlal savaşında savaşıb.
Adam Azərbaycanda bolşevik hakimiyyətinə qan uddurub.
Və nəhayət, bu BÖYÜK ADAMın adını daşıyan mağara, onun orda hansı şəraitdə yaşaması və niyə məhz o mağaranı seçməsi də sirri-xuda olaraq qalır. Hə, belə bir şəxsiyyət olub Mayıl. Rəsmi adı Mayıl Zahir oğlu Zahirov, olan Qaçaq Mayıl!
***
Bəzi mənbələr görə 1862, bəzilərinə görə isə 3 il gec, 1865-ci ildə indiki Quba rayonunun Xaşı kəndində dünyaya gəlib. Çalışqan və zirək bir adam olub. Elə bu xarakterinə görə, ona 1915-ci ildə Qonaqkənd nahiyəsinin yüzbaşısı seçirlər. Mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Həmin vaxt səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılır. Andiçmə Həmdulla Əfəndinin xeyir-duası ilə başlayır. (Yeri gəlmişkən, bu ada diqqət edin) Səsvermə Qonaqkənddə keçirilir. Bir ay sonra yüzbaşı vəzifəsi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq olunur.
***
1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra Mayıl Quba qəzasında maliyyə məsələlərinə cavabdeh olur. Qısa bir müddətdə əksər ADR rəhbərləri ilə dostluq əlaqələri qurur. Bu işdə isə ona Həmdulla Əfəndi yardımçı olur. Hə, yuxarıda adını çəkdiyimiz Həmdulla Əfəndi Əfəndizadə. Bu o Həmdulla Əfəndi idi ki, sonradan Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdi. Və bu o Həmdulla Əfəndi idi ki, iki il sonra elə həmin Qaçaq Mayılla birgə sovetlərə qarşı Quba üsyanına başçılıq edəcəkdi.
Quba ağsaqqalı Seyfəddin Məmmədov danışır ki, Mayıl ağa ömrünün sonuna kimi sovet hakimiyyətinə qarşı mübarizə aparıb. 20-ci əsrin əvvəllərində Şabrandan Qubaya qədər 11-ci Qızıl orduya qarşı vuruşan Qaçaq Mayıl şəxsi vəsaiti hesabına o dövr üçün hərbin yeniliyi sayılan pulemyot və digər bahalı tüfəng növlərini əldə edir. “Onun Təngə altındakı mağarasına məhz buna görə yaxın düşmək olmayıb”.
Məlumata görə, Təngə altı adlı ərazidə onun daha bir neçə mağarası olub. Yəni düşmənlərdən qorunmaq üçün tez-tez mağaraları dəyişirmiş.
Və bir maraqlı fakt; Qaçaq Mayıl və onun dəstəsi 1921-ci ildə Şərqi Anadoluda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Həmin döyüşlərə 600 nəfərlə gedib 400 nəfərlə qayıdıb. Həmin döyüşdə həlak olanların qəbirləri döyüşdükləri ərazidəcə dəfn edilib. hələ də qalmaqdadır.
Yeri gəlmişkən, Qubanın müxtəlif kəndlərində qaçağın bir neçə evi olub. Biri Qonaqkənddə , digər bir evi isə Qubanın Xaşı kəndində imiş.
Yuxarıda qeyd etdik, Azərbaycan Xalq Cümhuriyyəti illərində Mayılın böyük nüfuzu var idi. Onun Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski dostluq münasibətləri olub. Rəsulzadənin Lahıc kəndində keçən günlərində Mayıl daim onunla əlaqədə idi. Məhəmməd Əmin Rəsulzadə Lahıcda olduğu vaxtlarda Məşədi Qaim adlı bir vasitəçi ilə daim Rəsulzadənin vəziyyəti ona yardım edirmiş.
Mircəfər Bağırovun təkidinə və bütün cür yardımlarına baxmayaraq Azərbaycanı tərk etməyib. Bağırova son cavabı: “Vəzifəm qaçaq olub, adımın önünə o özü yazmalarına imkan vermərəm” deyib.
***
Azərbaycanda sovet hakimiyyətinə qarşı mübarizə aparanlardan biri də məhz Qaçaq Mayıl olmuşdu. O və Həmdulla Əfəndinin 1920-ci ildə bolşeviklərə qarşı qaldırdıqları Quba üsyanın hansı miqyas alacağını sovetlər gözləmirmiş. Üsyan avqustun 23-də Quba qəzasında Küzün kəndində başlamışdı. Yerli sakinlər kənddə iki nəfər milisi öldürərək hakimiyyətə itaətsizlik etmişdilər. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş vermişdi. 100 nəfərlik bolşevik dəstəsi xeyli itki verərək geri çəkilmişdi. Sovet rejimi üçün təhlükəli üsyanı yatırmaq üçün Əliheydər Qarayev və Levan Qoqoberidzeni ora göndərmişdilər. Qəzənfər Musabəyovu, hə, elə həmin Qəzənfəri Quba qəzasının fövqəladə komissarı təyin etmişdilər. Üsyanın daha da genişlənməsinə yol verməmək üçün Musabəyov sovet hakimiyyəti adından əhaliyə amnistiya elan edir və silahlıları öz silahlarını təhvil verməyə çağırır. Bundan başqa o həm də onu da bildirir ki, sovet hakimiyyətinə qarşı yeni üsyan qaldırmaq cəhdi amansızcasına yatırılacaq.
Bundan sonra Quba İcraiyyə komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Neycə meşəsindəki iqamətgahında gecədən xeyli keçənə qədər görüş davam edir. Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır. Süfrə başında hörmətsizlik olar deyə, söhbət açılmır. Amma sonda Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla uzadır. Mayıl elə o məşhur filmdə deyildiyi kimi də hərəkət edir: “Mən belə hökumət tanımıram”. Və yenidən dağlara, mağaralara çəkilir. Düz 4 il, onu ələ keçirmək mümkün olmur...
***
1924-cü il mayın 24-ü Mayıl Dədəgünəşə, Həzrət babanı ziyarətə gedir. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən, Utuq dərəsində tələyə düşür. Ona beşatılanla iki güllə vurulur. Bir müddət meyitinə belə yaxın durmurlar. Sonradan meyitini Xaşı kəndinə gətirib, pirin yanında dəfn edirlər.
Onun bir neçə övladı olub. Qızı Seyrə nənə bir müddət əvvələdək Sumqayıtda yaşayırdı. Mayılın qətlindən sonra onun 3 oğlu Babadağa çəkilir və müqaviməti davam etdirir. Amma sonradan müqavimətin mənasız olduğunu başa düşürlər. Amma cəzasız da qalmadılar: hər üç qardaşı Sibirə sürgün edirlər.
SON!