“Əvvəl uşağımızın olmağını istəyirdik, sonra fikirləşdik ki, birdən ya mənə, ya da Xatirəyə nəsə olar. O zaman uşağın taleyi necə olacaq. Ona görə də dedim ki, gəl, öz həyatımızı yaşayaq”.
Bunu Lent.az-a şair, tərcüməçi, jurnalist, Azərbaycan ədəbi mühitində tanınan, “ağ adam”, rəsmi adı Giya Paçxataşvili - Givi deyir.
29 yanvar 1961-ci ildə Qax rayonunun Qax-Gürcü kəndində anadan olub, Givi. Deməli, Giya və onun əkizi dünyaya gəlməzdən iki həftə əvvəl ataları faciə ilə üzləşir. Meşədə üstünə ağac yıxıldığına görə, həyatını itirir. Bundan sonra isə hamilə olan anaları psixoloji sarsıntılar keçirir. Əkizlərini dünyaya gətirən ana onların hər ikisinin albinos olduğunu eşidəndə imtina edir. Daha sonra isə ana xəstəxanadan əkiz tayı olan qızı Liya ilə ayrılır. Givi isə xəstəxana tərəfindən uşaqlar evinə verilir.
Givi, anası və qardaşı uşaqları
6 yaşına qədər Gəncədəki uşaq evində qalan gürcü balası, daha sonra Bakıya gəlir: gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbində təhsil alır. Məktəb illərindən danışır Givi:
“Yadımdadı, 8-ci sinifdə oxuyanda Əşrəf adında müəlimim var idi. Mənə həmişə deyirdi ki, Givi, sən heç vaxt azərbaycanca yazıb-poza bilməyəcəksən. Mən də ona deyərdim ki, acıqca şeir də yazacam. Hələ üstəlik qaraqaş-qaragöz bir azərbaycanlı qızı da alacam”.
Hə, 1980-ci ildə internat məktəbini bitirən Givi elə həmin il Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olur. Oranı bitirdikdən sonra isə bir müddət həmin illərdə çoxunun həsəd apardığı, TASS-da işləyir.
1989-cu ildə Gürcüstanda baş verən hadisələrə etiraz olaraq iş-gücünü qoyub Bakıya gəlir. Bakıda ayrı-ayrı qəzetlərdə işləyir və paralel olaraq da 1981-ci ildən bədii tərcümələrə başlayır. Bir müddət əlillərin nəşri olan “Dan ulduzu” qəzetində çalışıb. Qeyd edək ki, həmin qəzet isə iki - həm Brayl, həm də kütləvi əlifba ilə çıxırmış. Givi bildirir ki, o qəzeti, hətta Heydər Əliyev də bəyənib. Onun sonuncu rəsmi iş yeri isə “Avrasiya” qəzeti olub.
Givi 7 yaşında ailəsini axtarmağa başlayır. Bunun üçün anadan olduğu Qaxa məktub yazır. Həmin məktub raykom katibinə çatır. Katib isə Givinin anasını çağırıb və belə savadlı uşağı da atarlar deyə tənə edir. Givi deyir ki, bundan sonra anası hər yay tətilində onu evə aparıb, dərslər başlayanda yenidən internata qaytarıb.
Bu qədər bədbinlik yetər bəlkə də. Givinin xoşbəxt günləri başlayır. O bir gün gürcü gözəli Lamaraya aşiq olur. Onlar evlənmək qərarına gəlirlər. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. O, qız ki, indi Gürcüstanda yaşayır və Givinin bircəcik nəvəsinin anasıdır. Və budur, fələk yenə öz oyununu oynayır. Givinin gözəl Lamarası əbədiyyətə qovuşur. Bəli, Givi yenə tək qalır. Onun üçün günlər artıq çətin və sıxıntılı keçir... Givini belə görən dostları ona evlənməyi təklif edirlər. Givi isə bu təkliflərin hər birini israrla geri çevirir.
Giya Paçxataşvili
Burda Givinin taleyini qoyub, xoşbəxtliyini itirmiş başqa birindən bəhs edəcəyik. Deməli, bu xanımın adı Xatirədi. Kimdir Xatirə Tanrıverdiyeva?
“Mən Şəkidə anadan olmuşam, tibb bacısıyam. Şəkidə 13 il işləmişəm. Sonra evləndim və sadəcə, 8 ay evli qaldım. Çünki həyat yoldaşım rəhmətə getdi. O da şəkili idi, amma Bakıda yaşayırdı. Yoldaşım rəhmətə gedəndən sonra depresiyaya düşdüm. Və ata evimə qayıtdım. Depresiyada olduğumu görən gəlinimiz dedi ki, gəl sənə feysbuk hesabı açaq, başın qarışsın. Yavaş-yavaş orda özümə dostlar tapdım. Bir gün belə dostlarımdan biri ilə söhbət əsnasında subay olduğumu bildi və dedi ki, ay xanım, bəs niyə evlənmirsiniz, ağ atlı oğlan gözləyirsiniz? Düzü, bu mənim çox xətrimə dəydi. Amma o hardan bilsin ki, mənim yoldaşım vəfat edib və mən evlənmək istəmirəm.”
Kim idi bu ağ adamı ağ atlı şahzadə kimi təqdim edən dost? Hə, həmin dost Givinin yaxını Pünhan Şükür olub.
O deyir ki, 2014-cü ildə Givinin həyat yoldaşı dünyasını dəyişəndə bütün dostları ona evlən deyib, tək ondan başqa. Amma...
“Gördüyünüz xanım mənim “Facebook” dostum idi. Onun adı və qızlıq familiyası mənim diqqətimi cəlb etmişdi. Çünki mənim həyat yoldaşımla eyni idi. Sonra mən Xatirə xanımla dostlaşdıqca onun Givi ilə eyni dərddə, eyni ağılda adam olduğu qənaətinə gəldim”.
Xatirə xanım da Pünhan bəylə dostluqlarından danışır. Deyir ki, Pünhan Şükür onun da həyat yoldaşının vəfat etdiyini biləndən sonra gəl səni bir adamla tanış edim deyir.
Givi, Xatirə xanım, Pünhan Şükür və Aytəkin Cəlali
“Başladı həmin adam haqqında mənə danışmağa, şəkillərini videolarını göndərməyə. Mən də dedim ki, camaatın həyat yoldaşının qırxı çıxmayıb. Heç mən də evlənmək istəmirəm”.
Xatirə xanım deyir ki, istəmirəm desə də, Pünhan Şükür tez-tez bu mövzu üzərindən ona israr edirmiş. Artıq bu söhbətdən 3 il keçir, Xatirə xanım da Şəkidə uşaq şöbəsində işə başlayır. Amma bütün bunlara baxmayaq, o, işdə gecə növbələrindən, evdə də problemlərdən yorulmuşdu.
Bir gün Pünhan Şükür yenidən ona yazır və Xatirə xanıma deyir ki, Qiymət Məhərrəmli (Şəkili ziyalı xanım, şairə) Giviyə evlən deməsə, evlənəsi deyil. Mənə də dedi ki, Givi cəmiyyətdə tanınan adamdı, onunla evlənsən, peşman olmazsan.
Daha sonra Qiymət xanım qohumumuzun toyu var deyib Givini aldadaraq Şəkiyə gətirir. Xatirəyə deyir ki, get ailənə bu barədə de.
“Mən də bilmirdim bunu ailəmə necə deyim, çünki atam demişdi ki, bir də səni Şəkinin dörd yolundan o yana verməyəcəm. Anama deyəndə, o qayıtdı ki, mən qarışmıram, get atana de. Atama utana-utana məndən onun 15 yaş böyük olduğunu dedim. Bir az fikirləşdi və dedi ki, qismət Allahdandır, gəlsinlər”.
Hə, Givi Şəkiyə gəlir. Hətta Xatirə xanım öz qardaşı və Qiymət xanımla onu qarşılamağa gedir. Givinin isə hələ də Xatirə xanımın hansı məqsədlə gəldiyindən xəbəri yoxdur. “Qafqazda adətdi ki, oğlan qıza elçi getsin, amma Xatirə mənə elçi gəlmişdi”. Bunu deyib də gülür qəhrəmanımız.
Xatirə xanım deyir ki, Givini ilk görəndə onu amerikalıya bənzədib. Xülasə, bunlar Givini də götürüb Qiymət xanımgilə gedir. Givi də artıq söhbətdən xəbərdar olur.
“Givinin mənə ilk sualı “Kim məni sənə məsləhət gördü?” oldu. Pünhan da mənə demişdi ki, demə mən dediyimi. Mən də buna baxmayaraq, onun sualına dürüstcə cavab verdim. Pünhan Şükür məsləhət bildi dedim”.
Pünhan Şükür danışır ki, Gividən də razılıq aldıqdan sonra elçilik baş tutub.
Onlar evlənib gəlirlər Bakıya. Necə deyərlər, əl-ələ verib həyata meydan oxuyurlar.
Elə sevgi hekayələrini də bizə öz evlərində danışdılar. Tək bunlardan yox, elə bir-birilərində bəyənmədikləri xüsusiyyətlərdən də söz açdılar. Givi deyir ki, Xatirədə ən sevmədiyi xarakter bədbinliyidir.
“Xatirədə hər şeyi bəyənirəm. Bircə həmişə özünə də deyirəm ki, adam bu qədər bədbin olmaz”.
Xatirə xanım isə Givinin səbirsizliyindən gileylənir.
“Givinin dözülməz xarakteri səbrsizliyidi. Mən bəzən bir söz deyəndə qışqırır. (Givi gülür) Amma elə də şeylər var ki, məndən daha səbirli, daha dözümlüdür. Həmişə deyir ki, mən görənləri sən görsən neyniyərdin”.
Bəs, görəsən mənsub olduqları dinlərin fərqli olması onların xoşbəxtliyinə mane olmur ki?
“Givi xristianlığa itaət edir. Mənim qardaşımın həyat yoldaşı da xristiandı. Bizim ailəmiz tolerant ailədi. Belə şeylər niyə problem olsun ki. Əksinə gəlinimiz sevinmişdi ki, Xatirə xristian biriylə evlənir. Mənə deyirdi ki, Xatirə, sən də gəldin İsa Peyğəmbər tərəfə”.
Xatirə xanım deyir ki, bir həyat yoldaşının xanımı üçün edə biləcəyində qat-qat artığını Givi onun üçün edir. Onu çox istəyir. Givi isə onun bu sözlərinə müdaxilə edir və deyir ki, Xatirə, istəmirəm, sevirəm.
Givi və onun Xatirəsi
Givi Lamarasına həsr etdiyi “Tut ağacı” kitabı kimi, Xatirəsinə də kitab hədiyyə edib. Onun adı isə “Hə dedim”dir. Kitabın ilk şeiri belədir:
Lamaranın portretlərini
Divardan, soyuducunun üstündən
götürürəm...
və...
ürəyimin saxlanc yerinə ötürürəm
Xatirəylə ucalacaq
Onlu işıqlı xatirələrim...
Yaşam pasportu alacaq
Onsuz keçən
aylarım, illərim.
Xatirə xanımın isə söhbətimizdə son sözü bu oldu ki, Givi, Allah bizim ikimizi də eyni vaxtda öldürsün.
*
Givi Paçxataşvili 60-dan çox kitabın tərcüməçisidir. Özünün dediyinə görə, hər iki tərcüməsindən biri mükafatlandırılıb. Givi indi də öz işləri ilə məşğuldur. Ona işlərində mətbuat katibi təyin etdiyi Xatirə xanım kömək edir. Və həm də necə də xoşbəxtdirlər?
Allah sizi qorusun, başqa nə deyək ki?