33 azərbaycanlının taleyi müəmmada
08 iyul 2013 19:05 (UTC +04:00)

33 azərbaycanlının taleyi müəmmada

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 il əvvəl Ermənistanda saxlanılan, lakin sonradan yoxa çıxan azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini istəyir.


APA-nın komissiyanın saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.

 

F. Sadıqov qeyd edib ki, bu, təkzibedilməz faktdır: “Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 2001-ci ildə əsir və girovluqda baş çəkdiyi 50 nəfər azərbaycanlının siyahısını Dövlət Komissiyasına təqdim edib. Sonradan həmin şəxslərdən 17 nəfərinin meyiti qaytarılsa da, 33 nəfərin taleyi qaranlıq qalıb. Halbuki bu şəxsləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları öz gözləri ilə görüblər. İndi mən Ermənistanın hakimiyyət dairələrindən soruşuram - bu 33 azərbaycanlı haradadır və onların sonrakı taleyini hansı məqsədlə gizlədirsiniz?”

 

F. Sadıqov, həmçinin qeyd edib ki, ermənilər itkin düşmüş vətəndaşlarının sayını həddən artıq şişirdirlər: “2004-cü ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Dövlət Komissiyasına “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş erməni mənşəli mülki şəxslərin və hərbçilərin əlifba siyahısı” adlı siyahı təqdim edilib. Biz bu siyahıda adları keçən şəxslərin axtarışı üzrə zəruri tədbirləri həyata keçirmişik. Bu siyahıda 414 erməninin adı keçir. Dövlət Komissiyasında aparılmış təhlil zamanı müəyyən edildi ki, 414 nəfərdən 23 nəfəri Ermənistan Respublikasının ərazisində, 2 nəfəri Gürcüstan Respublikasının ərazisində itkin düşüb və əslində onların münaqişəyə heç bir aidiyyəti yoxdur. Bundan başqa, 414 nəfərdən 211-i Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşamış ermənilər – yəni Azərbaycan Respublikasının vətəndaşları, 197-si Ermənistan Respublikasının vətəndaşları, 3-ü Gürcüstan, 2-si Rusiya, 1 nəfər isə İran İslam Respublikası vətəndaşıdır. Bir məqama da diqqət etməyi vacib sayıram, münaqişə zamanı itkin düşmüş hər iki tərəfə aid şəxslərin böyük əksəriyyəti məhz Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində itkin düşüblər. Axı bu ərazilər Ermənistan hərbçilərinin nəzarətindədir. Demək orada axtarış aparmaq ermənilər üçün daha asandır. Maraqlıdır ki, itkinlərə aid müxtəlif və qeyri-dəqiq rəqəmlər söyləyən ermənilər, onlara aid etdikləri günün də adını müxtəlif cür – bir yerdə “Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüşlər”, digər yerdə “İtkin düşmüş hərbçilərin xatirə”  günü kimi yazırlar. Bu məqam isə belə günün rəsmi təsis edilməsini də şübhə altına alır”.

F. Sadıqov Azərbaycan tərəfindən itkin düşmüş kimi qeydiyyata alınan son statistik rəqəmləri də açıqlayıb: “1 iyul 2013-cü il tarixə olan məlumata əsasən, 4033 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Onlardan 46-sı uşaq, 255-i qadın, 353-ü isə qocalardır. İtkin düşmüş 4033 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülməsi, işğal edilmiş ərazilərdə sağ-salamat qalması lakin ermənilərin bunu danması barədə Dövlət Komissiyasında konkret faktlar var. Münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir-girovluqdan azad edilib. Hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri,  Fərəcov Firuz Mirzə oğludur. Azərbaycanda isə 5 nəfərdən ibarət bir erməni ailəsi saxlanılır. Bu ailənin başçısı Gevorkyan Yeqişe Petroviş 10 yanvar 2010-cu il tarixdə ailə üzvləri (3 uşaq və həyat yoldaşı) ilə birlikdə xarici ölkələrdən birinə getmək məqsədilə idarə etdiyi maşınla Azərbaycan ərazisinə keçib və Ermənistana qayıtmaqdan imtina edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321
avatar

Oxşar yazılar