Mayın 18-də Bərdə rayonunda baş vermiş qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 58 yaşlı Seyfəddin Qarayev qızı, 27 yaşlı Sima İsmayılovanı qısqanclıq zəminində qətlə yetirib. Ata gənc qızının bədəninin müxtəlif nahiyələrinə balta ilə sarsıdıcı zərbələr endirib. S.İsmayılova hadisə yerindəcə keçinib.
Polis tərəfindən saxlanılan S.Qarayev ilkin ifadəsində bircə cümlə işlədərək kifayətlənib: “Sözümə baxmırdı”. Araşdırmalarla müəyyən edilib ki, S.İsmayılova ailəli olub. Lakin bir müddət əvvəl boşanaraq atası evinə qayıdıb. Bundan sonra isə ata ilə qızının münasibətləri daha da pisləşib. Qızının bir başqası ilə qeyri-rəsmi münasibətinin olmasını öyrənən S.Qarayev isə özündən çıxaraq məlum hadisəni törədib.
Faktla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.