Vaqif Xaçatryana HÖKM OXUNDU  - YENİLƏNİB
07 noyabr 2023 15:58 (UTC +04:00)

Vaqif Xaçatryana HÖKM OXUNDU - YENİLƏNİB

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası müşavirədən sonra davam etdirilib.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, Xaçatryan Vaqif Çerkezoviç 15 il müddətinə azadlıqdan məhrum edilib. 

***

saat 14:20

Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi fasilədən sonra davam edib.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokurorun çıxışından sonra Vaqif Xaçatryanın vəkili Radmila Abdullova müdafiə çıxışı edib.

Vəkilin sözlərinə görə, Vaqif Xaçatryan Meşəli hadisəsində iştirak etməyib. O, Vaqif Xaçatryana bəraət verilməsini istəyib.

Vəkilin çıxışına replika verən prokuror Cövdət Mehrəliyev deyib ki, istintaq materiallarında göstərildiyi, şahid və zərərçəkmişlərin ifadəsi ilə Vaqif Xaçatryan Meşəli hadisəsini törədən şəxslərdən biri olduğu sübuta yetirilib.

Hakim Vaqif Xaçatryana son söz verib.

O, məhkəməyə günahsız olduğu bildirib:

“Cənab hakim, mən orda olmamışam. Beynəlxalq Qızıl Xaç Komitəsinin yoxlanışında bildindi ki, mən ürəyimdən əməliyyat olunmaq üçün müalicə almalıyam. Mən sadəcə Badara kənd sakini olmuşam. Haqqımda verilən axtarışda da günahım olmayıb. Günahsız insanam. Orda olmamışam, iştirak etməmişəm. Mənə qarşı çıxış edənlərin deyir ki, bütün kəndin hər yerində mən olmuşam. Amma heç biri məni tanımır. 

Hörmətli cənab hakim, mən o hadisədə iştirak etməmişəm. Mən Allaha inanan, günahsız insanam”.

***

saat 11:01

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi məhkəmə istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edib. 

Prokuror Xaçatryana 15 il cəza istəyib.

***

saat 10:19

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin  bu gün cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb. 

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

***

saat 07:30

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün prokuror təqsirləndirilən şəxsə cəza tələb edəcək. Daha sonra vəkil müdafiə çıxışı edəcək, Vaqif Xaçatrayan isə məhkəmədə son söz deyəcək.

İş üzrə məhkəmədə hökm oxunması gözlənilir.

Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11505
avatar

Fidan İlqar

Oxşar yazılar