Britaniyalı turist İspaniyanın Mayorka şəhərində bir dəqiqə ərzində ardıcıl iki oğurluğun qurbanı olub və dəyəri 150 min funt sterlinqdən çox olan qiymətli əşyalarını itirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 55 yaşlı kişinin məşhur “La Bodeguita Del Medio” barının yaxınlığındakı bankomatdan pul çıxardığı zaman baş verib. Onun üstünə gələn oğru 800 funt sterlinq dəyərində “iPhone” oğurlayıb.
Kişi nə baş verdiyini hələ anlamadığı halda, yenidən hücuma məruz qalıb. Bu dəfə daha iki cinayətkar turistə hücum edərək onun biləyindən 150 min funt sterlinq dəyərində bahalı brilyant “Rolex President Day-Date” saatını qoparıblar. Lakin İspaniya polisinin məlumatına görə, saatın qiyməti 100 min funt-sterlinqdən bir qədər çox olub.
Uzun araşdırmalardan sonra cinayətkarlar yaxalanıb. Saat oğurluğunda iştirak edən 30 yaşlı iki Əlcəzair vətəndaşı iki il müddətinə azadlıqdan məhrum edilib. Aksessuarı qara bazarda satmaq onlara cəmi 5000 funt-sterlinq qazandırıb. Oğurlanmış aksessuarı alan şəxs 6 ay həbs, “iPhone” oğurlayan oğru isə 3 aylıq şərti cəza alıb.