Astarada gənc oğlan sosial yardım düzəltmək adı ilə dələduzluq edib.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Astara rayon sakinlərinin ünvanlı dövlət sosial yardımı düzəldəcəyi adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında araşdırma aparılıb.
Araşdırmalarla Astara rayonu, Ərçivan qəsəbə sakini 24 yaşlı Baykal Yaqubovun ayrı-ayrı vətəndaşlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verib. O, həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda ümumilikdə 2 min 550 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.