"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər nümayiş etdirilib.
Təqsirləndirilənlərin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər. Məhkəmə müşavirəsindən sonra vəsatətlər təmin olunmayıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Proses mayın 20-də davam etdiriləcək.
Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.