Daxili İşlər Nazirliyi ötən gün respublika ərazisində baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.