Vahimə yaradan “dəli”nin və “saqqallı”nın həbsindən öncəki gecə... - REPORTAJ
03 avqust 2012 15:05 (UTC +04:00)

Vahimə yaradan “dəli”nin və “saqqallı”nın həbsindən öncəki gecə... - REPORTAJ

...Bir dəfə indi vəkilliklə məşğul olan keçmiş həmkarımız Yalçın İmanov mənə maraqlı bir sual vermişdi: “Heç Ağdərə rayonundan dostun-tanışın olub?”

Çiynimi çəkmişdim o vaxt. Doğrudan da Ağdərədən nə dostum olmuşdu, nə tanışım. Nə müharibə vaxtı, nə də, necə deyərlər, dünyanın düz vaxtında Ağdərəyə yolum düşməmişdi. Maraqlıdır ki, qaçqınlıq vaxtı belə nə səbəbdənsə bir ağdərəli ilə rastlaşmamışdım. Həmin vaxt Yalçın gülüb demişdi ki, “hə, onda mən birinciyəm ki...”

***

Lent.az-ın redaksiyasında Şəmkirə, son zamanlar sirrə, müəmmaya dönmüş olaylarla gündəmə düşmüş bu rayona getməyim barədə qərar veriləndə nədənsə yadıma Yalçın düşdü. Adətən, bu və ya digər rayonda olay baş verəndə öncə oradakı tanış-bilişi axtarır, onlardan yardımçı, ən azı bələdçi olmağı xahiş edirik. Azərbaycanı belədən-belə gəzsəm də, nədənsə bu illər ərzində bircə dəfə də Şəmkirdə olmamışdım. Və indi elə bir olayın dalınca gedirdik ki, heç olmasa, bir simsar adamın olmasına əşəddül-ehtiyac vardı. Həmin gün, yaddaşımı qurdalayıb bir nəfəri xatırlaya bildim: “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru, şair Vasif Süleymanı. Amma onun telefonuna ha zəng vursaq da zalım telefonunun yaşıl düyməsini basmadı ki, basmadı...

Əslində Vasifdən qabaq Şəmkirdə yaşayan köhnə bir tanışıma, Fariz həkimə də zəng vurmuşdum. Amma doktor az qala Kərbəlayı İsmayılın Abbasqulu bəyə dediyi sayaq bir cavab verib bildirdi ki, bəy, zəhmət çəkib gəlməyin! “Boş söhbətlərdi”. Bəs onda nə baş verir, nə olub və ya nələr ola bilər axı bu Şəmkirdə?

Deyəsən, bunu heç, əstəğfürullah, Allah da bilmir. Amma baş verən son olaylarla bağlı Şəmkirdə xalq yaradıcılığının elə bir sahəsi yoxdur ki, inkişaf eləməsin. Bəs nə baş verib ki, doktorun da dediyi kimi, bu “boş söhbətlər” hətta xalq yaradıcılığını belə “stimullaşdırıb”.

Sakit “Morul məhəlləsi”də sakitlik niyə qeybə çəkilib?

Demək belə. Bir qədər əvvəl, Şəmkirin Morul deyilən yerində - bir çox telekanalların və media qurumlarının dediyi kimi Morul kənd və ya ayrıca inzibat ərazi vahidi deyil, Şəmkir şəhərinin bir hissəsidir - naməlum adamlar və ya adam gecə düşən kimi evlərə hücum edir. Özü də nədənsə qadınlara. Amma evdən bir yumurta belə aparmır, qadınların isə sadəcə əl-ayağına xəsarət yetirir. Bundan sonra həmin adam və ya adamlar sanki qeybə çəkilir. Bu ərazidə yaşayan insanlar isə xof içindədirlər. Gecələr əllərində dəhrə-yaba növbə çəkirlər, yeni hücumlardan narahatdılar. Sən demə, - bunu camaat deyir ha, - Morul adlanan ərazinin bir neçə yerində belə qəfil hücumlar olub. Və bu hücumlar hələ də davam edir. Və bir gün məlum olsa ki, bu adam, ya adamlar, heç hücum da etmirlər, sadəcə camaatın əsəbləri ilə oynayırlar?

Elə buradaca qeyd edək ki, rayona yetişdiyimiz və sakinlərlə söhbət eləməyə macal tapdığımız ilk anlarda bizə bu şəxslərin guya yaxalandığını bildirdilər. Dərhal rayon hüquq-mühafizə orqanları ilə əlaqə saxlasaq da, heç bir rəsmi məlumat vermədilər. Olsun. Bizim işimiz yazmaqdı, onlarınkı tutmaq. Biz yazaq, onlar tutsalar da sağ olsunlar, tutmasalar da. Ümid qaldı versiyalara. Sakinlərin dedikləri və özümüzün araşdırmamız hesabına ortaya çıxan versiyalara...

“Bu adam ruhi xəstədir”

Hələ xəbər ilk dəfə yayılanda Şəmkir rayon Polis Şöbəsinin rəisi Şükür Mehdiyev bildirmişdi ki, deyilənlər və gəzən söz-söhbət şayiədən başqa bir şey deyil. Sitat: “Bir neçə gün əvvəl bir qrup sakin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, evlərinə naməlum şəxsin basqın etməsi barədə məlumat veriblər. Dərhal həmin məlumat tərəfimizdən araşdırılıb. Bu halla qarşılaşdığını iddia edən hər bir sakin polis şöbəsində dindirilib və onların ifadəsi alınıb. Araşdırmalar zamanı məlum olub ki, bir nəfər naməlum şəxs rayonda bir neçə evə daxil olub. Həmin şəxs heç bir cinayət törətməyib. Sadəcə olaraq, ev sahibi onu tutmaq istəyən zaman qaçaraq aradan çıxıb”.

Rəis onu da qeyd edir ki, sakinlərin ifadəsi əsasında polis artıq evlərə daxil olan şəxsin kimliyini müəyyənləşdirib. Məlum olub ki, bu adam ruhi xəstədir. Onun evi-eşiyi yoxdur. Biz hazırda həmin şəxsin tutulması istiqamətində tədbirləri davam etdiririk”.

STOP!

Demək adam olub! Adamın kimliyi və hətta ruhi xəstə olduğu da məlumdu!


Üstəlik, rəis Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işinin başlandığını və araşdırmaların davam etdirildiyi də bildirilir.

Amma...

Amma Morulda həyəcanlar səngimir…

İndi başqa bir rəsminin, Şəmkir şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi Məhərrəm Məmmədovun KİV-ə verdiyi açıqlamalara diqqət yetirək. Məmmədov etiraf edir ki, 20 günə yaxındır, Şəmkirin bir neçə kəndində naməlum adamlar insanların rahatlığını pozur, evlərə girib qadınları döyür. O, hətta 2 qadının yaralı kimi qeydiyyata alındığını da deyir. Və onun dediklərindən məlum olur ki, naməlum adamlar həmin qadınlardan birinin əlini hələlik istintaqa məlum olmayan iti bir alətlə kəsib, boğazından tutaraq boğmağa çalışıb. Digər qadının da boğazından tutub.

Elə yuxarıda yazdığımız kimi, həmin şəxslər evlərə nə kimisə öldürmək, nə də qarət məqsədilə girir. Üstəlik, kişilərə toxunmur, ancaq qadınları yaralayır, üzlərində, əllərində iz qoymağa çalışır.

Və bu tip hücumlar ancaq axşamlar, hava qaralandan sonra olur...

Elə Şəmkirə də hava qaralanda çatdıq…

Axşam saat 9, hər yer bağlı!

Morul deyilən ərazi Şəmkir şəhərinin bir hissəsidir. Yəni şəhərin tərkibində, necə deyərlər, məhəllədir. Axşam saat 20 radələridir. Hələ ki ətrafda dükan-bazar, ənənəvi çayxanalar işləyir. Söhbətləşdiyimiz adamlar deyir ki, bu ərazidə hansısa kriminal olayın baş verdiyini xatırlamırlar. İlk müşahidə etdiyimiz məqam ondan ibarət oldu ki, sözün həqiqi mənasında insanlarda təlaş hiss olunur. Onların küçədə yad adam görən kimi, təəccüblənməsini də başa düşmək mümkündür. Saat 9 radələrində Morulda demək olar ki, bütün dükan və mağazaların, kafe və çayxanaların dəmir pərdələri endirilir. Hamı çəkilir evinə. Elə bu da başa düşüləndir. Küçələrdə gecələr növbə çəkirlər. Deyirlər ki, bunsuz mümkün deyil. Onlar - hə, məhz hələ də sirri-xuda olan onlar - qəfil evə soxula bilərlər.

- Bu, dəli işinə oxşamır. Kimdisə, çox hazırlıqlı adamdı ki, indiyədək tuta bilmirlər.
Bunu bizə Sadiq adlı cavan oğlan deyir.

Akif isə deyir ki, əllərində “lazerni fanar” var, tutmaq istəyəndə adamın gözünə tərəf tuturlar, sanki bir anlıq kor olursan. Sonra da qaçıb aradan çıxır.

Bizim “Sən özün onu görmüsən?” sualına isə cavab verə bilmir Akif. Amma «Görənlər olub» deyir.

Axı, kim görüb, həmin adamı?

Boy-buxunu, necədir?

Neçə yaşı olar?

Kişidimi, qadındımı?

Bu adidən də adi suallara heç kim cavab verə bilmirdi Şəmkirdə. Rəsmlər hələ ki “başdanxarab birisi”ndən danışırlar. Yerlilər isə həmin adamın ən çox bir əlamətinin adını çəkirlər: saqqallı idi. Vəssalam!

“Gəlinim dedi ki, qazlar qəfil qaqqıldadı”

“Saqqallı” və “dəli” məqamlarına qayıdacağıq. Hələlik adının açıqlanmasını istəməyən bir kafe sahibini dinləyək. Yeri gəlmişkən, həmin kafe yeganə obyekt idi ki, saat 12 olmasına baxmayaraq, işləyirdi.

- Bax, burda, elə bu stolun arxasında oturub yemək yeyirdim. Qəfil evdən zəng gəldi. Gəlinim idi. Ağlaya-ağlaya qayıtdı ki, papa, durma gəl, evə giriblər. Maşını necə sürüb getdiyimdən xəbərim olmadı. Evə çatanda gördüm ki, qapıda azı yüz adam yığılıb. Hamısının da əlində balta-yaba. Ürəyim qırıldı ki, yəqin evdə kiməsə nəsə eləyiblər. İçəri girəndə gördüm ki, arvadlar gəlini, yoldaşımı sakitləşdirirlər. Nəvələrim bir küncdə ağlayır. Bir yandan da həyət adamla dolu. Soruşuram ki, nə olub, axı? Gəlin deyir ki, kimsə qəfil hasardan içəri tullandı. Həyətdəki qazlar da qorxub qaqqıldamağa başladı. Qonşunun biri deyir ki, mən də gördüm. O biri deyir ki, o damdan sizin dama tullandı. Ölçürəm, məsafə azı 15 metrdir. Deyirəm, ay bala, bu boyda məsafəni adam tullana bilməz axı! İsrar edirlər ki, görmüşük. Sonra nə oldu? Heç nə. Qayıtdım gəldim təzədən işə. Heç nə başa düşə bilmədim. Ümumiyyətlə, başa düşə bilmirəm ki, camaat niyə xofdadır.

Kəhrizə dəstəylə

Hə, bu xof isə qalırdı. Gecələr küçələrdə növbə çəkənlər bir yana, tək bayıra çıxana da rast gələ bilməzsən. Gecə saat 11 radələridir. “Kəhriz” deyilən yerdə üç nəfəri görürük. Birin əlində 5 litrlik su balonu var. Məlum olur ki, küçənin o başında yaşayır. Suyu doldurmağa isə tək gəlməkdən çəkinib.

İndi onun dediklərinə fikir verin; sən demə, ötən gecə o küçənin başında yaşayan bir gəlinə hücum ediblər. Artıq “Kim hücum edib?” sualını vermək də yersiz olub. Cavab ya “bilmədik”, ya da “saqqalı adam idi” olacaq.

Elə ilk araşdırmamızı da bu “saqqallı adamlar” məsələsi ilə başladıq. Bəri başdan deyim ki, Şəmkir müəmmasında rəsmi versiyanı da əsas gətirərək iki məqamın üzərində dayanacağıq. Beləliklə,

Birinci məqam

Adını açıqlamayan mənbənin dediyinə görə - yeri gəlmişkən, rayonda bu məqamla bağlı bir neçə nəfərin də fikirləri üstə-üstə düşdü - bir müddət əvvəl Şəmkirdə yerli hüquq-mühafizə orqanları Bayram adlı bir nəfəri saxlayıblar. Daha doğrusu, onun evində yataqxana tipli yer aşkar ediblər. Təxminən 20-25 çarpayılıq bu yerdə kimin qaldığını araşdıranda məlum olub ki…

Hə, məlum olub ki, rayonda hansı təriqətə aid olduğu bilinməyən dini icmanın üzvləri yaşayırmış. Şəmkirdə hətta onların kursları belə varmış. Bu kurslara yerli gəncləri cəlb edən icma üzvləri ifşa olunduqların görcək rayonu tərk ediblər. Bayram özü isə saxlanılsa da, sonradan buraxılıb. Onun sadəlövh bir şəxs olduğu deyilir. Yəni, həmin icmaya aidiyyatı evinin bir hissəsini kirayə verməkdən o yana keçmir. Bəs həmin adamlar saqqal saxlayırlarmış? Mənbə bu məqamı təsdiqləyir. Və başqa ilginc nüanslara da toxunur. Onun fikrincə, bu hadisələri törədənlər qonşu Gəncədən gələn naməlum dini icma nümayəndələridir. Şəmkirdəki hadisələrdən bir-iki gün əvvəl elə Morul məhəlləsində qapı-qapı gəzib dilənən saqqallı adamlara təsadüf edilib. Amma dilənçiyə o qədər də oxşamırlarmış. Bəs məqsədləri dilənmək deyildisə, nə gəzirlərmiş? Mənbə deyir ki, fikir verin, əsasən qadınlara hücum edilir. Yəni hansı evdə kişi yaşamırsa, - ya Rusiyadadır, ya da ümumiyyətlə evdə deyil, haradasa uzaqda çalışır - o evlərə girirlər. Onlar oğurluq etmirlər, məqsədləri ancaq və ancaq xof yaratmaqdır. Bəlkə rayondan qovulduqları üçün özünəməxsus qisas alırlar?

İkinci məqam

Bəs həmin adam dəlidirsə? Bu versiya az ağlabatandır, baxmayaraq ki, rəsmi versiya ilə üst-üstə düşür. Əvvəla, dəli, anlaqsız adam xarakter etibarı ilə qorxaq olur. Məhz qadınlara hücum edilməsi də burdan qaynaqlana bilər. Ümumiyyətlə, nə etdiyinin fərqində deyil. Tutaq ki, evə daş atdı, ya kiməsə zərbə endirdi, axı onun qaçıb aradan çıxmaq şansı da azdır. Bir də, dəli dediyimiz ruhi xəstələr qeydiyyatda olur. Lap qeydiyyatda olmasa da insanlar ətraflarında kimin ruhi xəstə olduğunu bilirlər. Onları tanıyırlar. Yəni həmin adamı tapmaq müşkül olmamalıdır. Amma bir aya yaxın müddətdə həmin adamın tapılmaması da təəccüb doğuran məqamlardandır. Və nəhayət, bu şəxs ruhi xəstədirsə, polis rəisi onun kimliyini bildiyini də təsdiq edirsə, bəs onda cəmiyyətdən niyə təcrid olunmur? İnsanlar hələ də təlaş içindədir. Bir yandan da hadisə ilə bağlı rəvayətlərin yaranmasına rəvac verilir. İş hətta nə yerə çatıb ki, xəbər portallarından biri lap uzağa gedərək artıq iki nəfər qadının öldürüldüyünü belə yazır.

Bir yandan ictimaiyyət də məlumatsız qalıb. Rayonda olduğumuz vaxt bunun şahidi olduq. Adamlar, elə həmin Şəmkirdə, hadisənin baş verdiyi məhəllədən kənarda yaşayanlar belə “televizorda danışırlar, yaman narahatıq ki, bu tərəflərə də gələr” - deyə, həyəcan içindədirlər. Azı bu həyəcanı aradan qaldırmaq mümkündür.

Etiraf edim ki, Şəmkirdə bütün bu suallara cavab tapmaq bəndənizə müyəssər olmadı. Biz, gecə saat dördəcən maşınla “Morul məhəlləsi”nin bütün küçələrini gəzdik. Gördüyümüz küçədə adamların olması, bir də tanımadıqları maşına tərs-tərs baxmaqları oldu.

***

Şəmkir olaylarında vur-tut bir məlum həqiqət ortadadır: Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma gedir. Rayon prokurorluğundakı mənbənin dedikləri də maraqlı oldu: “Boş şeylərdir, kimin kiminləsə düşmənçiliyi var, onun qapısına bir daş atıb gedir. Camaat da təlaşa düşüb...”

***

Biz Şəmkirdə olarkən sakinlərin dediyi xəbər düz imiş – adamlar həbs olunub.

Bakıya qayıdıb bu reportajı yazdığımız saatlarda bu barədə rəsmi məlumat yayıldı: “Son 2 ay ərzində Şəmkir rayonunda əhali arasında çaşqınlıq yaradan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cari ilin iyun ayının 28-dən avqust ayının 1-dək olan müddət ərzində Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuş şəxslər müəyyənləşib.

Araşdırmalar nəticəsində həmin şəxslər - rayon sakinləri Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıb”.

Vəssalam? Bu qədər sadə? Bu xəbər cəmi bir gün öncə Şəmkirdə, Morulda söhbət etdiyim, gözlərindən, sözlərindən, hərəkətlərindən narahatlıq yağan adamlara dinclik gətirə biləcəkmi?

Bəs bu tutulan adamlar evlərə niyə daş atırmışlar? Ruhi xəstədirlərmi? Saqqaları necə, varmı? Bu da bilinəcək. Araşdırmamız bitməyib hələ...

Səbuhi Məmmədli,
Şəmkir-Bakı
# 544

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19