“Meşə qardaşları”nın ifadə verməsi başa çatdı
07 avqust 2009 14:30 (UTC +04:00)

“Meşə qardaşları”nın ifadə verməsi başa çatdı

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər şəxslərin ifadə verməsi başa çatıb. Məhkəmə proseslərində ifadəsi alınan 26 nəfərin hamısı özlərini onlara qarşı irəli sürülmüş ittihamla təqsirkar bilmədiklərini bildiriblər. Təqsirləndirilən şəxslər “Əbu-Bəkr” məscidində terror aktı törətmələri barədə ittihamı rədd ediblər.

Növbəti məhkəmə prosesi avqustun 10-da, zərərçəkən tərəfin ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, sözügedən mütəşəkkil dəstə “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə və bir sıra ağır cinayətlərdə ittiham olunurlar. İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər.



Xatırladaq ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılıb, onlar barəsində cinayət işi başlanıb.
# 423

Oxşar yazılar