Generalın qətlinə görə tutulan 2 nəfər azadlığa buraxıldı
04 avqust 2009 13:15 (UTC +04:00)

Generalın qətlinə görə tutulan 2 nəfər azadlığa buraxıldı

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı həbs edilən hərbiçilərdən ikisi həbsdən azad edilib.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, R. Rzayevin qətlindən bir müddət sonra istintaqa cəlb edilərək məhkəmənin hökmü ilə barələrində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi, polkovnik-leytenant Natiq İbayev və Hərbi Hava Qüvvələrinin digər zabiti, kapitan Ramin Nağıyev Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbsdən azad ediliblər. Adıçəkilən hərbiçilərin həbsdən azad edildikdən sonra vəzifələrinin icrasını davam etdirdiyi bildirilir.

Qeyd edək ki, R. Rzayev fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM-in 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisədən bir müddət sonra Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev, həmçinin generalın yaxın qohumu, polkovnik-leytenant Fuad Ağarzayev, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi, polkovnik-leytenant Natiq İbayev və Hərbi-Hava Qüvvələrinin daha bir neçə əməkdaşı həbs edilib.
# 1007

Oxşar yazılar