Yanan bazardakı sahibkarlar mallarını sığorta etdirmirlər
03 avqust 2009 12:00 (UTC +04:00)

Yanan bazardakı sahibkarlar mallarını sığorta etdirmirlər

Dərnəgüldə taxta materiallarının satışı ilə məşğul olan sahibkarlar əlacı satıcıların növbəylə gecələr satış məntəqəsində qalmalarında görürlər

Bakının Nərimanov rayonu, Dərnəgül yolundakı topdansatış taxta bazarında şənbə günü gecə saat 23:00-da növbəti dəfə yanğın hadisəsi baş verib. Yanğınsöndürənlər 1 saat ərzində yanğını söndürüblər.

Bazarda işləyən Famil adlı satıcı Lent.az-ın müxbirinə deyib ki, bu dəfə sahibkarların 5 vaqon taxtası yanıb.

O, dəymiş ziyanın məbləğinin 100 min manatdan çox olduğunu bildirdi. Famil iki gündən sonra taxta bazarında yenidən yanğının baş verməsinin sahibkarları qorxutduğunu söylədi: “Söz-söhbət gəzir ki, bu yanğınlar qəsdən törədilir. Bazarı köçürmək üçün belə yola əl atıldığını söyləyənlər də var. Nə bilim vallah... Artıq bazarda bəzi sahibkarların işçilərindən, satıcılardan biri gecələr bazardakı satış məntəqələrində qalmağa başlayıb. Bizim işlədiyimiz satış məntəqəsində də bu gecə mən qalacam. Yaydı, hələ yola vermək olar. Sabah soyuqlar başlayanda necə olacaq, bilmirik. Satış məntəqələrinin çox az qismində sahibkarlar kiçik otaqlar tikdiriblər”.

Qeyd edək ki, iyulun 29-da yolundakı topdansatış taxta bazarında baş verən yanğın zamanı 1500 kvadratmetrə yaxın ərazi, başqa sözlə, 25 vaqondan çox taxta materialı yanıb. Sahibkarlara 500 min manatdan çox ziyan dəyib. Həmin gün gecə saatlarında başlayan yanğını söndürmək üçün 40-a yaxın yanğınsöndürmə maşını 6 sata qədər hadisə yerində işləmişdi.

Maraqlı məqam isə odur ki, bu bazarda sahibkarların əksəriyyəti mallarını sığorta etdirməyiblər və yanğın hadisələrindən sonra da sığorta etdirməyə tələsmirlər.

“AzSğorta” ASC-nin nümayəndəsi Tural Şükürov Lent.az-a açıqlamasında bildirib ki, iyulun 29-da baş verən yanğın zamanı zərər dəymiş 5 sahibkardan yalnız birinin – Telman Mahmudovun malları sığorta olunub. O, hazırda labarotoriya analizləri başa çatmadığından, müvafiq qurumlar yanğının səbəbi ilə bağlı yekun rəy, hüquqi qiymət vermədikləri üçün sahibkara dəymiş ziyanın “AzSğorta” tərəfindən ödənmədiyini söylədi. Ancaq qeyd etdiy ki, hadisəyə hüquqi qiymət verildikdən sonra sığorta qanunvericiliyinə uyğun olaraq sahibkara dəymiş zərər ödəniləcək: “Ancaq yanğının səbəbləri də bu halda nəzərə alınır. Məsələn, sığorta qanunvericiliyinə görə, yanğın sahibkarın özü tərəfindən törədilibsə, bu halda dəymiş zərərin ödənilməsindən söhbət gedə bilməz. Biz hazırda yekun hüquqi qiymətin verilməsini gözləyirik”.

Tural Şükürov onu da bildirdi ki, şənbə günü yanğın baş vermiş ərazidə də “AzSğorta”nın nümayəndəsi kimi olub. Ancaq bu dəfə malları yanan sahibkarlar içərisində mallarını sığorta edən olmayıb.

AzSğorta”nın nümayəndəsi onu da dedi ki, iyulun 29-da baş verən yanğından sonra Dərnəgüldəki taxta bazarındakı sahibkarlardan mallarını sığorta etdirmək məqsədiylə onlara müraciət edəni olmayıb: “Bunun özü də təəccüb doğurmaya bilməz. Əgər sahibkarlar bizə müraciət edərək mallarını sığortaladarlarsa, o halda malları yanan zaman da ziyana düşməzlər. Çünki sığorta şirkəti bu halda dəymiş ziyanı ödəyəcək”.

Ramiz
# 854

Oxşar yazılar