Bakıda qəsdən adam öldürmələrin sayı azalıb
27 iyul 2009 18:30 (UTC +04:00)

Bakıda qəsdən adam öldürmələrin sayı azalıb

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib.


BŞBPİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan BŞBPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikanın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının rolundan danışıb.


Daha sonra BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov hesabat
dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Bakı şəhərində qəsdən adam öldürmələr və qəsdən adam öldürməyə cəhdlər 43-dən 36-ya (16,5 faiz), quldurluqlar 74-dən 63-ə (14,9 faiz), adam oğurluqları 8-dən 6mi-ya (25 faiz), hədə-qorxu ilə tələb etmə 14-dən 7-yə (50 faiz), dələduzluqlar 462-dən 437-yə (5,4 faiz) düşüb. Tamamlanmış cinayət işləri üzrə bütövlükdə cinayətlərin 79,2 faizi, o cümlədən onların ağır növlərinin 77,5 faizi, qəsdən adam öldürmələrin 78 faizi, quldurluqların 83,5 faizi, soyğunçuluqların 68,5 faizi, şəxsi əmlak oğurluqlarının 42,4 faizi, dələduzluqların 91 faizi açılmış, 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 49 nəfərdən ibarət 13 qrup, eləcə də 31 mənzil oğurluğu cinayəti törətmiş 21 nəfərdən ibarət qrup ifşa edilib.


Əllərdə qanunsuz saxlanılan və potensial ictimai təhlükə mənbəyi olan 117 odlu silah, o cümlədən 9 avtomat, 33 tapança, 75 tüfəng və xeyli sayda hərbi sursat götürülüb. Bu ilin 6 ayı ərzində 137 kiloqram (keçən ilin müvafiq dövründə 110 kiloqram olub) çəkidə narkotik vasitə dövriyyədən çıxarılıb. 2008-ci ilin 6 ayı ilə müqayisədə aşkar olunan cinayətlərin sayı 26 fakt, satışla bağlı isə 52 fakt (2008-ci ildə 2007-ci ilə nisbətən müvafiq olaraq 37 və 66 fakt) artıb.

E.Həsənov məruzəsində 2009-cu ilin 1-ci yarısında paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müsbət irəliləyişlər əldə olunduğunu qeyd edib. Keçirilmiş profilaktik tədbirlərin sayəsində avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 4762, sərnişindaşıma qaydalarına riayət etməyən 1988, sürət rejimini kobud surətdə pozan 9350 sürücü aşkar edilərək müvafiq tədbirlər görülüb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 399-dan 352-yə (11,8%), yaralananların sayı 1736-dan 1534-dək (11,6%) azalıb. Nəticədə ötən illə müqayisədə qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin sayı 503-dən 402-yə düşüb.


Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmış, şəhər miqyaslı 122 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilmiş, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 6 cəhdin qarşısı alınmış, yüksək səviyyəli xarici qonaqlar Bakıya səfərə gələrkən ictimai təhlükəsizlik tədbirləri ilə bağlı 35 xüsusi plan hazırlanaraq həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar