Şəhid hərbçilərimizin meyitləri bu gün ailələrinə veriləcək
07 noyabr 2010 11:38 (UTC +04:00)

Şəhid hərbçilərimizin meyitləri bu gün ailələrinə veriləcək

Bu barədə APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib. Onun sözlərinə görə, hər iki hərbçinin meyiti bu gün saat 12.00-da morqdan götürülərək “Təzə Pir” məscidinə aparılacaq. Meyitlər orada dini adət-ənənə ilə dəfn üçün hazırlanacaq. Daha sonra isə hərbçilərin meyiti Müdafiə Nazirliyinə aparılacaq. Nazirlikdə vətən uğrunda şəhid olan Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçiriləcək. Sonra onların meyitləri təntənəli surətdə dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbçilərimizin valideynlərini prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində ötən gün M. İbrahimov və F. Əhmədovun meyitləri Azərbaycana qaytarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247

Oxşar yazılar