Bakıda tükürpədici qəza: 3 ölü
17 oktyabr 2010 03:37 (UTC +04:00)

Bakıda tükürpədici qəza: 3 ölü

Oktyabrın 17-də saat 00:40 radələrində Bakıda dəhşətli yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, aeroport yolunda hərəkət edən 10 LS 664 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobillə hadisə nəticəsində dövlət nömrə nişanı tanınmaz hala düşmüş ağ rəngli “BMW X5” markalı avtomobil qarşı-qarşıya toqquşub. (Qeyd edək ki, həmin vaxt yolun şəhərdən Mərdəkana gedən zolağında təmir işləri aparıldığından avtomobillər qarşı hərəkət zolağına – Hava Limanından şəhərə gələn zolağa buraxılıbmış.)

Şahidlərin və hadisə yerində olan hüquq-mühafizə orqanları əməkdaşlarının söylədiyinə görə, Binə qəsəbəsində şəhərə gələn, Bakı sakini Rəşad Abidovun idarə etdiyi “Mercedes” Bakı Ekspo Mərkəzinin yaxınlığında qarşıdan gələn “BMW X5”-ə çırpılıb. Hərəkət sürəti yüksək olduğundan avtomobillər zərbə gücünün təsiri nəticəsində yol boyunca sürüşərək, toqquşma yerindən təxminən 100 metr aralıya - atılıblar. Bu məsafə boyunca avtomobillərin qırıntıları səpələnib. “BMW X5” yanacaq çəninin deşilməsi səbəbindən alışıb və güclü alov avtomobilin bütünlüklə yanmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını hadisə yerinə gəlib. Avtomobilin alovu söndürülsə də artıq gec olub. Həm avtomobil tamamilə yanıb, həm də şəxsiyyəti hələ dəqiqləşdirilməyən kişi sürücü və qadın sərnişin yanaraq ölüblər.

“Mercedes”in sürücüsü Rəşad Abidov da yerindəcə keçinib.

FHN-in və Dövlət Yol Polisinin hadisə yerində işləyən əməkdaşları meyitləri avtomobillərdən çıxarıblar.

Lent.az-ın əməkdaşı hadisədən 2 saat sonra xəbər verdi ki, meyitlər hələ də hadisə yerindən götürülməyib.

Hadisədən az sonra R.Abidovun yaxınları hadisə yerinə gəliblər. Ailə üzvlərinin bildirdiyinə görə, Yaşar nişanlı olub və yaxın günlərdə toyu olacaqmış. Bu gün də o, Binədə yaşayan nişanlısıgilə gedirmiş.

“BMW X5”-in sürücüsünün və sərnişininin şəxsiyyətini dəqiqləşdirmək, cəsədlər tanınmaz hala düşdüyündən, həm də avtomobildəki bütün sənədlər və şəxsi əşyalar yanıb külə döndüyündən hələlik mümkün olmur.

Hadisənin şahidləri, Yol Polisi əməkdaşları və təcrübəli sürücülər bu cür dəhşətli qəza ilə ilk dəfədir rastlaşdıqlarını deyiblər.

Tural











1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472

Oxşar yazılar