MTN radikal dini təmayüllü qrupu zərərsizləşdirib
16 fevral 2009 14:35 (UTC +04:00)

MTN radikal dini təmayüllü qrupu zərərsizləşdirib

Qrup üzvləri Azərbaycan vətəndaşlarından ibarətdir

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşlarından ibarət radikal dini təmayüllü bir qrup şəxs ifşa olunaraq zərərsizləşdirilib.

Nazirliyin ictimai əlaqələr mərkəzindən Lent.az-a verilən məlumata görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq, Azərbaycanda sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırıb.

Silahlı birləşmənin üzvləri odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə respublika ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak ediblər. Qrupun üzvləri, həmçinin Bakı şəhəri, Nərimanov rayonundakı “Əbu Bəkr” məscidində 2008-ci il avqustun 17-də terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində axtarış elan edilmiş “Meşə qardaşları” adlı silahlı birləşmənin rəhbərlərindən biri “Süleyman” ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər.


MTN tərəfindən davam etdirilən intensiv əməliyyat-istintaq tədbirləri ilə silahlı birləşmənin digər üzvləri - Xəlilov Amil Rza oğlu və Alazovi İbadət Məhəmməd oğlu da yaxalanaraq zərərsizləşdiriliblər. Müəyyən edilib ki, silahlı birləşmənin rəhbəri “Abdulla” ləqəbli Azər Misirxanovun göstərişinə əsasən, qrupun üzvü Faiq Cəfərov Samir Mehdiyevlə birgə 2008-ci ilin sentyabr ayında Tovuz rayonuna gəlmiş və burada onu İbadət Alazoviyə təhvil verib. Bundan sonra İbadət Alazovi Samir Mehdiyevi Azərbaycanın “Candargöl” adlı ərazisindən qanunsuz yolla xarici ölkəyə keçirib.

Həmçinin, məlum olub ki, İbadət Alazovi 2008-ci ilin sentyabr və noyabr aylarında Amil Xəlilovla birlikdə, sonuncunun idarə etdiyi «VAZ-21013» markalı avtomaşında çoxlu sayda odlu silahı, o cümlədən qumbaraatan, avtomat və tapançaları, habelə xeyli qumbara və digər döyüş sursatını qaçaq yolla Azərbaycan ərazisinə keçirərək, Balakən rayonunda silahlı birləşmənin üzvü Faiq Cəfərova təhvil veriblər. Beləliklə, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə yuxarıda qeyd olunan şəxslərin cinayət əməlləri və onlar tərəfindən terrorçuluq məqsədilə ölkəyə silah gətirilməsi halları bir daha təsdiqlənmiş, istintaqa verilən ifadələr və digər dəlillərlə sübuta yetirilib.

Əvvəl verilmiş məlumatda göstərildiyi kimi, zərərsizləşdirilmiş silahlı birləşmədən bütövlükdə terrorçular arasında «kamikadze kəməri» kimi adlandırılan və içərisində ümumilikdə 5 kiloqramdan artıq partlayıcı maddə olan 3 ədəd plastid, 1 ədəd 200 qramlıq trotil şaşkası, 2 ədəd «RPQ-7» tipli əl qumbaraatanı və ona aid 5 ədəd mərmi, 2 ədəd döyüş vəziyyətində olan «Muxa» tipli əl qumbaraatanı, 7 ədəd «AKS» tipli avtomat, 2 ədəd «AKSU» tipli avtomat, 1 ədəd «UZİ» tipli avtomat, 1 ədəd «EAQLE» tipli avtomat, 3 ədəd «Makarov» tipli tapança, 1 ədəd «Maqnum» tipli tapança, 1 ədəd «Umareks» tipli tapança, 1 ədəd «Siq Sauer» tipli tapança, 1 ədəd «Fort-14» tipli tapança və ona aid səsboğucu, 1 ədəd «Vinçester» tipli tüfəng, 57 ədəd müxtəlif avtomat silah və tapança üçün dolu daraq, 60 ədəd elektrodetonator, 22 ədəd partlayıcını kənardan elektron idarə etmə qurğusu, 12 ədəd «F-1» tipli əl qumbarası, 11 ədəd «RQD-5» tipli əl qumbarası, 5 ədəd xaricdə istehsal olunmuş əl qumbarası, 25 ədəd qumbara alışdırıcısı, 12 ədəd detonator üçün kapsula, 20 ədəd «KENWOOD» tipli radiostansiya, 10 ədəd siqnal fişəngi, 1 ədəd partlayıcı qurğu üçün nəzərdə tutulmuş saat mexanizmi, 1 ədəd kompas, habelə çoxlu sayda müxtəlif çaplı patron və digər hərbi ləvazimatlar aşkarlanaraq, götürülüb.

Göstərilən bütün faktlar üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə), 229.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama) 181.2.1-ci, 181.2.5-ci (quldurluq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi istintaq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1649

Oxşar yazılar