Qardaşını oğurlayan azərbaycanlı rəssam
12 iyun 2010 14:00 (UTC +04:00)

Qardaşını oğurlayan azərbaycanlı rəssam

Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində (CM) məhkumların əl işlərindən ibarət sərgidə həvəskar rəssam Bəhram Məmmədovun çəkdiyi rəsm əsərləri də nümayiş etdirilib. B.Məmmədov Lent.az-ın müxbirilə söhbətində bildirib ki, ona professional rəssam olmağa bu sahə üzrə təhsil almaması mane olub. O, taleyi haqqında da danışıb.

1960-cı ildə İrəvan şəhərində anadan olmuş B.Məmmədovun ailəsi 1967-ci ildə Bakıya köçüb. Bəhram 2002-ci ildə Londona köçərək işləməyə başlayıb. Orada bir şirkətin sifarişilə rəsm əsərləri çəkirmiş. Yeri gəlmişkən, o, rəsm əsərlərini olduqca sürətlə çəkir.

Ona 11, oğlu Səid Məmmədova isə 6 il həbs cəzası verilib. Ata və oğulun hər ikisi 15 saylı CM-də cəza çəkir.

Ata-oğulla yanaşı həbs olunan Orxan Paşayev 6, Tahir Hüseynov və Anar Qafarov isə 5 il müddətində azadlıqdan məhrum ediliblər.

İstintaq materiallarına əsasən, Bəhram Məmmədov qardaşı Məhərrəm Məmmədovu oğurlayaraq, pul tələb etmək qərarına gəlib. O, məqsədini həyata keçirmək üçün kürəkəni Tahir Hüseynov, oğlu Səid Məmmədov və onun dostları Orxan Paşayev və Anar Qafarovdan ibarət dəstə yaradıb. Onlar bir neçə gün izlədikləri Məhərrəm Məmmədovu 2006-cı il iyulun 29-dan 30-a keçən gecə saat 01.00 radələrində Novxanı kəndində su kanalının yaxınlığında oğurlayıblar. Dəstə üzvləri M. Məmmədovu Şüvəlandakı “Şimal DRESS” adlanan yerə gətirərək səhərə kimi saxlayıb və ondan 1 milyon ABŞ dolları tələb ediblər. Zərərçəkmiş 200 min dollar verməyə razı olduqdan sonra isə onu azad ediblər.

Qeyd edək ki, B.Məmmədov, S. Məmmədov, T. Hüseynov, A. Qafarov və O. Paşayev Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və ya digər ağır nəticələrə səbəb olmaqla törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.3.3-cü (hədə-qorxu ilə tələbetmə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda) maddələri ilə ittiham olunublar.

Ancaq Bəhram Məmmədv Lent.az-a deyib ki, yalnız xuliqanlıq eləmişəm, ancaq mənə qarşı ağır ittihamlar irəli sürülüb: “Mən qardaşımı maşınının “baqaj”ına basıb bir az gəzdirmişəm...”

Pərvin ABBASOV
# 362

Oxşar yazılar