“Şamaxı-İsmayıllı bölgəsində yeraltı təkanlar davam edəcək”
09 oktyabr 2012 11:36 (UTC +04:00)

“Şamaxı-İsmayıllı bölgəsində yeraltı təkanlar davam edəcək”

“Oktyabrın 7-8-də Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələlər orada toplanan gərginliyin nəticəsidir. Bu bölgədə gərginlik çoxdan var idi, biz bunu müşahidə edirdik. Baxmayaraq ki, həmin ərazidə vaxtaşırı xırda təkanlar olurdu, gərginlik tam boşaltmayıb”.


Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. Q.Yetirmişli deyib ki, yeraltı təkanlar bundan sonra da davam edəcək: “Yeraltı təkanlar gərginlik tam boşalana qədər davam edəcək. Oktyabrın 7-də 5,3 maqnitudada baş verən zəlzələ əslində çox güclü olub. Sadəcə zəlzələnin dərinliyi 40 km deyil, bir qədər az olsaydı, güclü dağıntı əmələ gətirərdi. Ərazidə xırda təkanlar nə qədər çox olarsa, gərginlik bir o qədər tez boşalar”.


Q. Yetirmişlinin sözlərinə görə, Şamaxı-İsmayıllı seysmogen zonasında müxtəlif zəlzələ ocaqları var: “Həmin zonada qırılmalar da çoxdur. Qırılmalar boyu parçalanmış formada yer qabığında tektonik hərəkətlər baş verir”.

Baş direktor qeyd edib ki, Zaqatala-Şəki zonasında sentyabrın əvvəllərində seysmiklik fon səviyyəsinə düşüb və RSXM o ərazidə yerləşdirdiyi 9 stansiyanı oradan çıxarıb: “Hazırda Şamaxı-İsmayılı zonasında müşahidələr aparmaq üçün əlavə seysmik stansiyalara ehtiyac yoxdur. Həmin bölgədə 7-8 seysmik stansiya var və bu, baş verən prosesləri müşahidə etməyə kifayət edir”.
# 957

Oxşar yazılar