ABŞ-da həbs olunan Sevinc Tağıyevanın məhkəməsi olacaq - EKSKLÜZİV
08 oktyabr 2012 16:29 (UTC +04:00)

ABŞ-da həbs olunan Sevinc Tağıyevanın məhkəməsi olacaq - EKSKLÜZİV

Məhkəmə prosesi çərşənbə günü Hyustonda baş tutacaq. Bu barədə Lent.az-a ABŞ-dakı mənbələrdən məlumat daxil olub.

Xatırladaq ki, bu ölkənin hüquq-mühafizə orqanları bir qədər əvvəl bir neçə Rusiya vətəndaşını həbs edib. Nyu-York ştatının Bruklin Prokurorluğunda 11 nəfər barəsində cinayət açılıb. Cinayətləri sübuta yetiriləcəyi təqdirdə isə Rusiya vətəndaşlarını uzun müddətli azadlıqdan məhrum etmə gözləyir.

İddiaya görə, həbs edilənlər “ARC Electronics” şirkətinin əməkdaşları olublar. Onlar ABŞ hərbi bazaları, ordu qüvvələri, habelə müxtəlif məxfi texnologiyalar barədə dövlət sirlərini Rusiya kəşfiyyat orqanlarına məlumat ötürürmüşlər.

Dəstəyə Şövkət Abdullayev, Lyudmila Baqdikyan, Anastasiya Dyatlova, Svetalina Zaqon, Viktoriya Klebanova, Aleksandr Posobilov, Sevinc Tağıyeva, Sergey Klinov, Yuriy Savin, Dmitriy Şeqrunov, Aleksandr Fişenko daxil olublar.

Aldığımız məlumata görə, haqqında cinayət işi qaldırılan 58 yaşlı Aleksandr Posobilov əvvəl saxlanılmasa da, sonradan o da ələ keçib. Posobilov külli miqdarda girov müqabilində sərbəst buraxılmasını istəsə də, onun xahişi rədd edilib.

Saxlanılan şəxslərdən ikisi isə azərbaycanlıdır. Qalmaqalda 34 yaşlı Şövkət Abdullayev və 32 yaşlı Sevinc Tağıyevanın da adı çəkilir. Mənbənin dediyinə görə, Şövkət Abdullayev azərbaycanlı olsa da Azərbaycan vətəndaşı deyil.

Sevinc Tağıyeva isə Hyuston Universitetində magistr təhsili alırmış. Eyni zamanda “ARC Electronics” şirkətində inzibatçı-menecer vəzifəsində çalışırmış. Xanım Tağıyeva ABŞ-a köçməzdən əvvəl Bakıda AMEC şirkətində işləyib. Burdan sonra isə iş yerini Bakı şəhər Səbayel rayonu, neftçi Qurban Abbasov küçəsi, 76 ünvanında yerləşən “İntertrade” Məhdud Məsuliyyətli Cəmiyyətə dəyişib.

“Hazırda ABŞ-ın hüquq-mühafizə orqanları ilə danışıqlar aparırıq. Bizdə olan informasiyaya görə, sevinc Tağıyeva Azərbaycanın ABŞ-dakı konsulluğunda qeydiyyatda deyil. Yaranmış vəziyyətə düzgün qiymət vermək üçün Sevinci Tağıyeva ilə görüşməyimizə ehtiyac var. Hal-hazırda bu istiqamətdə danışıqlar gedir”. Bu sözləri isə mediaya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Abdullayev bildirib.

Səbuhi Məmmədli
# 3402

Oxşar yazılar