İsmət Abbasov Fransadan 1000 doza ətlik heyvan toxumu istəyib
06 oktyabr 2012 15:11 (UTC +04:00)

İsmət Abbasov Fransadan 1000 doza ətlik heyvan toxumu istəyib

Oktyabrın 5-də kənd təsərrüfatı naziri İsmət Abasov Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.

Görüşdə məqsədi şərabçılıq bölgəsi olan Burqundiya ilə Azərbaycan arasında üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında aqrar sahədə əməkdaşlığın müzakirə edilməsi olub. İsmət Abasov Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında danışıb. O bildirib ki, Azərbaycan təkcə neft-qaz ölkəsi kimi deyil, eyni zamanda aqrar potensiala malikdir, 11 iqlim qurşağından 9-u ölkəmizdə mövcuddur. Quba Regional Aqrar Elm Mərkəzi “Frazer” layihəsi çərçivəsində Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə virussuz ting istehsalı sahəsində əməkdaşlıq edərək respublikamıza 4 virusdan azad calaqaltı forması, 12 yeni alma, 3 armud, 7 gilas, 5 buğda, 3 arpa və 1 texniki bitki kozla (raps) sortları introduksiya olunub. Son illərdə Quba-Xaçmaz bölgəsində qərb texnologiyası ilə 500 hektara yaxın intensiv tipli meyvə bağları salınıb. Tərəflər arasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb, Protokolun müddəalarına uyğun olaraq tərəflərin müvafiq dövlət baytarlıq orqanları arasında quş ətinin idxal-ixracı üçün baytarlıq sertifikatının nümunəsi razılaşdırılıb. İsmət Abasov Fransa iş adamlarını Azərbaycana dəvət edib və onlar üçün ölkəmizdə bütün münbit şəraitin olduğunu nəzərə çatdırıb.

Kənd təsərrüfatı naziri Azərbaycan fermerlərinin və kənd zəhmətkeşlərinin Azərbaycanın Ermənistan tərəfindən 20 faiz işğal olunmuş torpaqlarının tezliklə qaytarılması arzusunu görüş iştirakçılarının diqqətinə çatdırıb. İsmət Abasov Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin imzalanmasının sürətləndirilməsi imkanlarına baxılmasını, Fransaya məxsus ətlik istiqamətdə “Şarole” cinsindən olan 1000 doza heyvan toxumunun Azərbaycana təcrübə məqsədilə gətirilməsi və təcrübənin nəticələrindən asılı olaraq bu cinsin gələcəkdə Azərbaycana introduksiyasını, Fransa iş adamları tərəfindən baytarlıq preparatları istehsalı üzrə birgə müəssisələrin yaradılması mümkünlüyünün araşdırılmasını təklif edib.

Hazırda iki ölkə arasında yalnız quş əti üzrə razılaşma olduğunu nəzərə çatdıran İsmət Abbasov digər heyvan mənşəli məhsulların idxal-ixracı məqsədilə baytarlıq sertifikatları nümunələrinin razılaşdırılması məsələsinə baxılmasını zəruri sayıb. Kənd təsərrüfatı naziri qida təhlükəsizliyi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, üzümçülük, şərabçılıq və konserv sənayesi üzrə təcrübə mübadiləsi və yeni texnologiyaların mənimsənilməsini, Quba-Xaçmaz bölgəsində həyata keçirilmiş layihənin uğurlu nəticələrini nəzərə alaraq, virussuz meyvə tingçiliyi sahəsində mövcud əlaqələrin genişləndirilməsini, üzümçülük və şərabçılıq sahəsində nou-haunun və elmi yeniliklərin Azərbaycanda tədris olunmasının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin Şərabçılıq fakültəsinin müəllim heyəti və tələbələr üçün Fransada təlimlərin təşkil edilməsini, bu universitetlə Fransanın müvafiq ali təhsil müəssisəsi arasında birbaşa əlaqələrin yaradılmasını, Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olmasından sonra ölkədə üzümçülük və şərabçılıq sektorunun beynəlxalq tələblərə uyğun təşkil edilməsi sahəsində Fransa ilə əməkdaşlığın genişləndirilməsini təklif edib.

İsmət Abbasov üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların və Fransa təcrübəsinin Azərbaycanda elmi-tədqiqat sahəsində tətbiq edilməsi məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə Fransanın (yaxud da Burqundiya regionunun) müvafiq elmi-tədqiqat müəssisələri ilə təmasların yaradılması və birgə tədqiqat işlərinin aparılmasını və Fransada yetişdirilən yüksək məhsuldar üzüm tinglərinin Azərbaycana gətirilməsini də məqbul sayıb. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye səmimi qəbula görə öz minnətdarlığını bildirərək, iki ölkə arasında işçi qrupunun yaradılması və üç illik yol xəritəsinin hazırlanmasını məqsədəuyğun hesab edib və səfir olduğu dövrdə iki ölkə arasında aqrar sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsində səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.
# 985

Oxşar yazılar