ABŞ prezidenti Barak Obama Vaşinqtonda Ukraynanın baş naziri Arseni Yasenyuku qəbul edəcək. APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, bun barədə Ağ Evin rəsmi açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, prezident Obama martın 12-də Ağ Evdə Ukraynanın yeni baş naziri Arseni Yasenyuku salamlayacaq: “Görüş zamanı ABŞ-ın böhran anlarında mərdlik və dəyanət nümayiş etdirən Ukrayna xalqına qəti dəstəyi ifadə olunacaq”.
B.Obama və A.Yasenyuk Rusiyanın Krımda davam edən hərbi müdaxiləsinin sülh yolu ilə həlli, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunması yollarını müzakirə edəcəklər. Tərəflər beynəlxalq birliyin iqtisadi problemlərin həlli üçün Ukraynaya yardım göstərməsi və ölkədə mayın 25-də keçiriləcək prezident seçkiləri kimi məsələlərə də toxunacaqlar.