Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radada keçirilən andiçmə mərasimində geniş nitq söyləyib. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, yeni dövlət başçısı çıxışında hazırda ölkənin şərqindəki Donbass bölgəsində yaranmış vəziyyətə xüsusi toxunub.
P. Poroşenko əlinə silah alan hər kəsi silahı yerə qoymağa çağırıb və qətllərdə iştirak etməyənlərə amnistiya vəd edib. O, dövlət başçısının vətəndaşların dinc həyatını və ölkənin ərazi bütövlüyünü təmin etmək üçün geniş seçimə malik olduğunu söyləyib: “Mən Ukraynanın birliyini qorumaq və möhkəmləndirmək, uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək üçün prezident vəzifəsinin icrasına başlayıram. Səlahiyyətlər və qətiyyətimiz kifayət edir”.
Müharibə istəmədiyini və intiqam istəyi ilə yanmadığını vurğulayan P. Poroşenko bu məqsədlə öz vəzifəsinə sülh planı təklif edərək başladığını bildirib: “Silahı yerə qoymağın əvəzində əli Ukrayna hərbçilərinin və dinc sakinlərin qanına batmamış və terrorçuluğun maliyyələşdirilməsində iştirak etməmiş insanların cinayət məsuliyyətindən azad ediləcəyinə təminat verirəm. İkincisi, öz evinə qayıtmaq istəyən rusiyalı muzdlulara nəzarət olunan dəhliz veriləcəyini bildirirəm. Üçüncüsü, dinc dialoq vəd edirəm. Aydındır ki, terrorçularla dialoq olmaq, söhbət dinc sakinlərdən gedir”.
Donbass sakinlərinə rus dilində müraciət edən yeni dövlət başçısı onları heç bir vəchlə darda qoymayacaqlarını və yaxın vaxtlarda bu bölgəni ziyarət edəcəyini vurğulayıb. O deyib ki, Viktor Yanukoviç Donbassa xəyanət edib, regionu talayıb və indi terrorçulara sponsorluq edir: “Məhz Viktor Yanukoviç bölgədə baş verənlərə görə məsuliyyət daşıyır”.
P. Poroşenko Ukraynanın Krımın işğalı ilə barışmayacağını da əlavə edib: “Krım Ukraynanındır və Ukraynanın olacaq. Mən bunu Normandiyada aydın şəkildə Rusiya rəhbərliyinə söylədim”.
Dövlət başçısı Ukraynanın unitar dövlət olaraq alacağını qətiyyətlə bəyan edərək federallaşma ideyasını rədd edib. O, Ukrayna Konstitusiyasına əsasən Ukrayna dilinin yeganə dövlət dili olduğuna diqqət çəkərək Konstitusiyanın digər dillərin, o cümlədən rus dilinin inkişafına təmin verdiyini xatırladıb.
P. Poroşenkonun sözlərinə görə, dövlət hər şeyi edəcək ki, Ukrayna vətəndaşları 2015-ci il yanvarından Avropa Birliyi ölkələrinə vizasız səyahət edə bilsinlər. O bəyan edib ki, Ukraynanın AB ilə münasibətlərdə yekun məqsədi bu quruma tamhüquqlu üzv olmaqdır: “Heç kim Ukraynanın Avropa seçiminə veto qoymaq hüququna malik deyil”.