Sosial şəbəkələrdə Bəşər Əsəd rejiminin qoşunlarının Homsdan çıxarılmasını əks etdirən video yayılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, eyni zamanda, Deyr əz-Zorun şərqində fəaliyyət göstərən 4-cü diviziyanın yaraqlılarının Əl-Qurya şəhəri yaxınlığındakı Əl-Qazia adlanan keçid məntəqəsini tərk etdiyi deyilir.
Suriya müxalifəti ordunun cənubdakı Dəra və şərqdəki Deyr əz-Zor əyalətlərində də geri çəkildiyini bildirir. Əsəd qoşunlarının Dəməşqə doğru irəlilədiyi iddia edilir. Bunun xilas naminə qaçışla, yoxsa qüvvələri paytaxtın müdafiəsinə cəmləşdirmək cəhdi ilə bağlı olduğu bəlli deyil.
“Heyət Təhrir əl-Şam” təşkilatına rəhbərlik edən suriyalı üsyançıların liderlərindən biri Qərb mediasına müsahibəsində qeyd edib ki, onların əsas məqsədi Əsəd rejimini devirmək olaraq qalır. O, bu məqsədə çatmaq üçün istənilən vasitəyə əl atmağı haqlı hesab etdiklərini vurğulayıb. Onun sözlərinə görə, rejimin daxili ziddiyyətləri, eləcə də İran və Rusiyanın müdaxiləsi onun süqutunu yalnız ləngitsə də, qaçılmaz olanı dəyişə bilməyib.
Suriyanın cənubundakı üsyançılar fəal şəkildə hərbi hədəfləri ələ keçirir və Dərada yerləşdirilən hökumət əsgərlərini əsir götürür. Bəzi əsgərləri təslim olmağa və silahlarını yerə qoymağa razı salıblar. Üsyançılar ələ keçirilən ərazilərdə müxalifət rejimin simvollarını məhv edir və yerli əhalini Əsədə qarşı döyüşmək üçün qüvvələri birləşdirməyə çağırır. Eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayır.
Bu hadisələrin fonunda İraqda İran, İraq və Suriya xarici işlər nazirlərinin təcili toplantısı keçirilir. Burada Suriya rejiminin zəifləməsinin mümkün nəticələri müzakirə olunur.