Rusiya ordusunun hücumu nəticəsində Ukraynanın liman şəhəri Mariupolun faktiki 90 faizi dağılıb.
Lent.az-ın Ukrayna KİV-nə istinadla məlumatına görə, bunu şəhər merinin müavini Sergey Orlov deyib.

Onun sözlərinə görə, şəhərdə zədələnməyən bir yaşayış evi və digər bina qalmayıb.

Sergey Orlov deyib ki, martın 13-nə olan məlumata şəhər sakinlərinin 2358 nəfəri Rusoya ordusunun hücumları nəticəsində həlak olub: “Dağıntılar altında qalan insanlar da var. Onların taleyi hələ ki məlum deyil. Bu səbəbdən ölənlərin sayının çox olacağı istisna deyil”.

O qeyd edib ki, həlak olanların əksəriyyəti şəhərdəki qardaşlıq məzarında dəfn edilirlər.

“Şəhərin kənarları bağlanıb. Ruslar bizi qəbiristanlıqlara buraxmırlar. Əvvəlcə onları qırx il bağlı qalan mərkəzi qəbiristanlıqda dəfn etdilər. İndi yerlər yoxdur. Buna görə də “Şəhər bağı”nda dəfn edilənlər də var. Bəziləri öz həyətlərində dəfn edilirlər”, - o, vurğulayıb.

Lent.az demək olar tamamilə yerlə-yeksan edilən Mariupoldan fotoları təqdim edir.










