“Ukraynada davam edən müharibə artıq tədarük zəncirlərini pozur. Artıq yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin kəskin artmasına səbəb olur”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb.
O xüsusi olaraq vurğulayıb ki, kütləvi aclığın və qlobal ərzaq sisteminin çökməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək zərurəti yaranıb.
Qeyd edək ki, bu arada Avropa Komissiyası da Ukraynada aclığın ola biləcəyi barədə xəbərdarlıq edib. Böhranların İdarə Edilməsi və Humanitar Yardım üzrə Avropa Komissarı Yanez Lenarçiç bu barədə “Welt am Sonntag” nəşrinə müsahibəsində deyib.
“Mühasirəyə alınmış şəhərlərdə insanlar apokaliptik vəziyyətdədir: yemək, su, tibbi xidmət çatışmazlığı yaranıb, çıxış yolu yoxdur. Ukraynada humanitar böhran artıq kritik həddə çatıb, lakin vəziyyət daha da pisləşə bilər”, deyə Y.Lenarçiç vurğulayıb.
“Artıq aclığın yaxınlaşdığını görməyə başlayırıq”, deyən Aİ komissarı Mariupol kimi mühasirəyə alınmış şəhərlərin əhalisinin artıq aclıqdan əziyyət çəkdiyini bildirib.