BMT-də Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası başladı - YENİLƏNİB
15 aprel 2025 09:11 (UTC +04:00)

BMT-də Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası başladı - YENİLƏNİB

BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun IV Sessiyasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun çıxış edib.

Lent.az xəbər verir ki, çıxışda Abbas Abbasov sədri yeni vəzifəyə seçilməyi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb, eyni zamanda, əvvəlki sədr, xanım Sumera səmərəli və yaddaqalan rəhbərlik etdiyinə görə təşəkkürümü bildirib.

O qeyd edib ki, 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının nazirlər toplantısı çərçivəsində təsis olunmuş Baku Təşəbbüs Qrupu müstəmləkə əsarəti və neokolonializm rejimi altında yaşayan xalqların azadlıq və müstəqillik uğrunda mübarizələrinə daim və qətiyyətlə dəstək verir, həmrəyliyi və praktiki yardımı özünə öhdəlik kimi qəbul edir.

“Qeyd etmək lazımdır ki, Afrika və Afrika mənşəli xalqlar da müstəmləkəçiliyin törətdiyi faciələrdən kənarda qalmamışdır. Yaşamaq, azadlıq, bərabərlik, mədəni kimlik və dekolonizasiya hüquqları imtiyaz deyil. Bunlar BMT Nizamnaməsində, Qoşulmama Hərəkatının Bandunq prinsiplərində və digər bir çox beynəlxalq sənədlərdə təsbit olunmuş ümumbəşəri insan hüquqlarıdır. Buna baxmayaraq, bir çox Afrika ölkələri və Afrika mənşəli insanlar üçün bu hüquqlar hələ də reallıqdan uzaq, arzu olaraq qalmaqdadır.

Son iki il ərzində təşkilatımız təxminən 30 beynəlxalq konfransa ev sahibliyi etmişdir. Müstəmləkəçilik irsinin mənfi təsirləri müstəmləkə siyasətindən əziyyət çəkən Qvadelup, Martinik, Boneyra, Sen Martin, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Reyunyon, Mayot, Korsika və digər ərazilərdən olan müstəqillik hərəkatlarının nümayəndə və liderlərini, dekolonizasiya üzrə ekspertləri və tədqiqatçılarını bir araya gətirib.

Bu gün biz burada yalnız tarixi müzakirə etmirik, həm də gələcəyi formalaşdırırıq. Bu Forum, tarixən kənarda qalmış Afrika mənşəli xalqların səslərinin qlobal miqyasda eşidilməsi üçün mühüm bir platformadır.

Sabah isə Bakı Təşəbbüs Qrupu “Dekolonizasiya: Sakit İnqilab” adlı tədbir təşkil edəcək. Fürsətdən istifadə edərək, bu Forumun hörmətli iştirakçılarını həmin tədbirdə Afrika mənşəli xalqların məsələlərinin müzakirəsinə qatılmağa dəvət etmək istəyirəm.

Sonda bir daha vurğulamaq istərdim ki, bu mübarizə təkcə keçmişin səhvlərini üzə çıxarmaq üçün deyil. Bu mübarizə daha ədalətli, daha inklüziv və insan hüquqlarına hörmət edən bir gələcəyin qurulmasına yönəlmişdir”, - Abbas Abbasov vurğulayıb.

***

2025-ci ilin 14-17 aprel BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası keçiriləcək.

Lent.az xəbər verir ki, bu dəfəki sessiyada Bakı Təşəbbüs Qrupu və onunla yaxından əməkdaşlıq edən Fransa və Niderlandın müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatlar iştirak edir.

Qeyd edək ki, Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması istiqamətində tədbirlər görən BMT-in rəsmi qurumudur.

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələri ilk dəfə BMT tribunasından təmsil etdikləri xalqların tələblərini səsləndirmək imkanı qazanıblar.

Sessiyanın açılış günündə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov, rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verib və bu xüsusda müstəmləkə əsarəti altında yaşayan xalqlara verilən dəstək və yardımlardan söz açıb.

A.Abbasov Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də təşkil ediləcək “Dekolonizasiya: Sakit inqilab” konfransında Fransa və Niderlandın kolonial idarəetməsinin ağır fəsadlarının müzakirə ediləcəyini bildirib.

Sessiya çərçivəsində A. Abbasov Daimi Forumun prezidenti Martin Kimani ilə görüşüb və ona BTQ-nin sifarişi ilə hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı kitabını hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar