Azərbaycanlılara qənim kəsilən "Çapacaq": Bu da axırı - Səbuhi Məmmədli yazır
16 sentyabr 2020 17:37 (UTC +04:00)

Azərbaycanlılara qənim kəsilən "Çapacaq": Bu da axırı - Səbuhi Məmmədli yazır

Azadlığa çıxan kimi Rusiyanı tərk edəcəm. Bu ölkənin vətəndaşlığında qalmaq istəmirəm”.

 

Çelyabinskdəki cəza çəkdiyi həbsxanada sonuncu müsahibəsindəndi. Çox nikbin danışırdı həmin müsahibədə, həbsdən sonra bəzi planlarını da açıqlamışdı. Amma siyasi -ideoloji baxışlarını zərrə qədər də dəyişməmişdi Maksim.

 

Maksim adı Lent.az oxucularına bəlkə də heç nə deməyəcək. Nə çox Rusiyada Maksim. Bəlkə soyadı? Marçinkeviç? Nəyisə, nələrisə xatırlaya bilərsiniz. Bəs “Tesak”? Bax, məhz “Tesak”. Məhz bu ad illərlə Rusiyada yaşayan qeyri-rusları qorxu altında saxlayıb. Onun “Restrukt” və “Okkupay pedofilyay” hərəkatı, “Format 18” təşkilatı tam bir neonasist qurumları idi.

“Tesak”ın sosial şəbəkələrdə yüzlərlə videoroliki var. Ətrafına özü kimi millətçiləri yığan bu şəxs Moskvada “reydlər” keçirir, miqrantları, seksual azlıqları elə kamera qarşısında döyüb təhqir edir, sonra çəkilişləri sosial şəbəkələrə yerləşdirirdi. O, millətlərarası münasibətlərin qızışdırılması, insan ləyaqətinin alçaldılmasına görə dəfələrlə məhkum olunmuşdu. Onun rəhbəri olduğu “Restrukt” özünü milli-sosializm ideologiyasına əsaslanan təşkilat kimi təqdim edir və milli-sosialist dövlət quruluşunu əsas məqsədi sayırdı.

 

Maksim Marçinkeviçin özünün dediyinə görə, o, rus, polyak, latış və belorus kökənli birisidi. Atası Sergey və anası Viktoriya heç vaxt onun baxışlarını bölüşməyiblər. “Tesak” bu barədə özünün “Destrukt” adlı audioyazılarında bəhs edib.

 

Maksim, bütün gənclər kimi, yaşı çatanda orduya çağırılıb. Amma orduda vur-tut bir həftə xidmət edib. Onunla birgə hərbi xidmətdə olan bir azərbaycanlını vəhşicəsinə döyüb. Bundan sonra Maksimi həkim nəzarətinə götürülüb və onda psixi pozuntuların olması müəyyən edilib. Ordudan tərxis olunduqdan sonra Memarlıq kollecini bitirib. “Tesak” ləqəbini isə deşici-kəsici silahlara olan sevgisinə görə alıb.

 

Əslində “Tesak”ın azərbaycanlılara nifrətinin kökündə nəyin dayandığı bəlli deyil. Amma bu faktdır ki, o miqrantları, seksual azlıqları bəzən televiziya kameraları qarşısında belə döyüb təhqir edirdi. Məsələn, verilişlərin birində Marçinkeviç hazırda Moskvada yaşayan Azərbaycan kökənli yazıçı Eduard Bağırovla mübahisə etmişdi. Rusiyanın tanınmış telekanallarının birində birbaşa yayım zamanı onların mübahisəsi əlbəyaxa dava ilə bitmişdi. “Tesak” sonradan Eduardın evinə soxulub və onu döyüb, təhqir edərək, videolentə almışdı. Məhkəmənin hökmü ilə Marçinkeviç 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Milliyyətçi “Restrukt”un qurbanlarından biri də Zaur Alışov olub. Bu təşkilata daxil olan bir qrup milliyyətçi quldur 2017-ci ildə həmyerlimiz Zaur Alışova hücum edərək, onu vəhşicəsinə döyüb, qətlə yetiriblər.

 

Bundan başqa, “Tesak”ın dəstəsi qeyri-rus millətindən olan şəxsləri döyərək videoya çəkib internetdə yayıblar. Videolara o qədər baxış olurdu ki, “Tesak” və dəstəsi bundan pul qazanırdılar.

 

“Tesak”ın fəaliyyəti təkcə Rusiya ilə kifayətlənməyib. 2014-cü ildə o, Kubada həbs edilmişdi. Maksim həmin vaxt Kubada “Format 18” qruplaşmasının təbliğiylə məşğul idi.

Marçinkeviç və onun cangüdənləri Belorusda da saxlanılmışdı. Amma bir müddət təcridxanada saxlanıldıqdan sonra sərbəst buraxılmışdı.

 

2013-cü ildə Marçinkeviç “Okkupay pedofilyay”la Ukraynaya getdi. O, ukraynalı həmfikirləri ilə Xarkovda, Xersonda, Odessada, Kiyevdə və digər regionlarda oldu və videolar çəkdi. Daha sonra bu video-roliklər Rusiya hüquq-mühafizə orqanları üçün “nifrət və ya nifaq yaratmaq, zor tətbiq etməklə insan ləyaqətinin alçaldılması” ilə bağlı cinayət işinin qaldırılması üçün əsas oldu.

 Marçinkeviçin ardınca bütün Rusiya üzrə “Restrukta” və “Okkupay pedofilyay” təşkilatlarının digər üzvlərini həbs edildi. Öz ölkəsində təqiblərdən yaxa qurtarmaq istəyən bir çox qruplaşma üzvləri Ukraynaya qaçdı; bəziləri separatçı “Azov” batalyonuna qoşuldu.

 

“Tesak” 2018-ci ilin dekabrında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edildi. Bu gün isə Çelyabinskdəki həbsxanadan onun intihar xəbəri yayıldı. Və…

 

O, özünü “tesak”la, çapacaqla doğramışdı…

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 68911

Oxşar yazılar