Soyuq quzey ölkəsinin isti təbəssümlü qızı - HƏYAT HEKAYƏTİ - FOTO
24 dekabr 2010 09:00 (UTC +04:00)

Soyuq quzey ölkəsinin isti təbəssümlü qızı - HƏYAT HEKAYƏTİ - FOTO

Onunla Qətərdə – Uluslararası Doha Sammitində yaxından tanış olmuşuq. Əslində, onu qiyabi olaraq yaxşı tanıyırdım. Finlandiyanın ilk qadın prezidenti Tarya Halonen haqqında, onun ölkəsində (habelə dünya miqyasında) gördüyü işlər barədə məlumatlıydım. Amma yaxından tanımaq və fikir mübadiləsi etmək ərəb dünyasının son illər sürətlə inkişaf edən bir şəhərində – Dohada qismət oldu. Həddindən artıq sadə insan olan Tarya Halonenə ən çox rəğbət qazandıran cəhətlərindən biri elə məhz bu cəhəti – sadəliyidir desəm, yanılmaram… Söhbət etdik, Azərbaycandan, Finlandiyadan, dünyadan və təbii ki… qadınlardan (qadınların cəmiyyətdə rolunun artmasının vacibliyindən və s.).

Onun ən gözəl xüsusiyyətlərindən biri də səmimiliyidir… Bilirsiz, Finlandiyanın xanım Prezidenti ilə bağlı bu ilkin təəssüratlarımı bölüşərkən özüm də hiss edirəm ki, sadəlik, səmimiyyət sözləri onun mənə bəxş etdiyi təəssüratı tam ehtiva etmir. Bəlkə daha bir “s” ilə başlayan keyfiyyətini – savadlılığını da qeyd etsəm, təqdimat tablom qismən tamamlanmış olar…

Bu gün – dekabrın 24-ü onun doğum günüdür. O, ömrünün 67-ci ilini ölkəsinin birinci şəxsi, Finlandiyanın ən məsuliyyətli vəzifəsində çalışan insan kimi keçirir. Bu şərəfli və məsuliyyətli mövqeyə gələnə qədər isə intellekt, zəhmət və təcrübədən (həyat dərslərindən) yoğrulmuş bir ömür yolu keçib...

1943-cü ilin 24 dekabrında Helsinkidə doğulan Tarya Karina Halonenin dövlət başçılığına gedən yolu heç də asan olmadı. Finlandiyada Prezidentlik postunda 11-ci şəxs və ilk qadın olan Halonen, uzun illər aktiv ictimai-siyasi fəaliyyətdə olub. 1979-cu ildən 2000-ci ilə qədər parlamentin üzvü olub, habelə qeyri-hökumət təşkilatlarında və həmkarlar ittifaqlarında çalışıb.

O, Helsinkinin ənənəvi fəhlə məhəlləsi kimi tanınan Kallioda doğulub. Anası Lyyli Elina Loimola çəkiliş meydançalarında dizayner, atası Vieno Olavi Halonen isə qaynaqçı işləyirdi. Onun valideynləri II Dünya müharibəsinin əvvəllərində ailə qurmuş, Tarya isə bundan bir neçə il sonra (1943-cü ildə) dünyaya gəlmişdi. Qızları dünyaya gələndə Vieno cəbhədə idi, Lyyli isə ayaqqabı fabrikində işləyirdi. Müharibədən sonra cütlük boşanmağı qərara aldı və Lyyli 1950-ci ildə elektrik Thure Forssla ailə qurdu.

Halonenin anası və ögey atası onun dünyagörüşünün formalaşmasında böyük rol oynadılar. Xanım Halonen sonralar anasının fəal və möhkəm qadın olduğunu və yaxşı, səmimi, təvazökar və çalışqan insanlara dəyər verdiyini deyirdi. Siyasət səhnəsinə çıxdıqda isə özünün də insanlarda məhz bu özəlliklərə dəyər verdiyini açıqladı.

1950-ci ildə o, Kallioda ibtidai məktəbə getdi, daha sonrakı təhsilinə də elə burda davam edərək, 1962-ci ildə Gimnaziyanı bitirdi. Həmin il Helsinki Universitetində İncəsənət tarixi üzrə təhsil almağa başlasa da, 1963-cü ilin payızında Hüquq fakültəsinə keçməyə qərar verdi. 1968-ci ildə cinayət hüququ üzrə magistr dərəcəsi alan Tarya Karina, yeni ixtisasına elə vurulmuşdu ki, bir an öncə hüquqşünas kimi işləməyə çalışırdı...

Daha sonra tale onu, Finlandiya Universitet Tələbələri Milli Birliyinin Baş katibi vəzifəsinə gətirdi. Birlikdəki işi onu siyasətə maraqlandırdı və o, 1970-ci ildə Fin Həmkarlar İttifaqının Mərkəzi Qərargahında hüquqşünas kimi işləyən ilk qadın oldu. Bununla da onun həm marağı təmin olunmuş oldu, həm də ixtisası yerinə gəlmiş oldu.

Həmkarlar İttifaqından Prezidentliyə

Gəncliyində solçu baxışlara malik olan Tarya pasifist hərəkatlarda iştirak edirdi və Çe Gevaranın pərəstişkarlarından biri idi. Finlandiyanın Milli Kilsəsi olan Evangelikal Lüteran Kilsəsini kilsənin qadın keşişlərə qarşı qatı mövqeyinə etiraz etmək məqsədi ilə 1960-cı ildə tərk etdi.

1971-ci ildə 28 yaşlı Tarya Həmkarlar İttifaqları ilə yaxın əlaqələri olan Finlandiya Sosial Demokrat Partiyasına qoşuldu. (Siyasi karyerasının əvvəlində Halonen partiyanın sol qolunu təmsil edirdi. 1973-cü ildə o, digər 500-ə yaxın sosial-demokrat və sosialistlə birlikdə Avropa İqtisadi Cəmiyyətinin azad ticarət barədə təklifinə ictimai etiraz aksiyalarında iştirak etmişdir.)

1970-ci ildə o, mənsub olduğu partiyanın Mərkəzi Komitəsini, o vaxtkı Almaniya Demokratik Respublikasının tanınması üçün təşkil olunmuş qurumda təmsil etməyə göndərildi. Daha sonra həmin qurumun vitse-prezidenti oldu. (...İllər sonra – 2006-cı il Prezident seçkilərində, o, məhz buna görə tənqid olundu. Xanım Halonen buna cavab olaraq partiyanın mühafizəkarlar da daxil olmaqla müxtəlif fikirli üzvlərdən ibarət olduğunu açıqladı.) Qeyd edək ki, 1973-cü ildə Finlandiya həm Almaniya Demokratik Respublikasını, həm də Almaniya Federativ Respublikasını tanıdı.

Onu da vurğulayaq ki, xanım Halonen zamanında, Fin Həmkarlar İttifaqları Mərkəzi Təşkilatının işçisi olaraq, Almaniya Demokratik Respublikasının tanınmasını dəstəkləməklə, Prezident Kenokenin Fin neytrallığına və keçmiş Sovet İttifaqı ilə yaxşı əlaqələrə əsaslanan siyasətinə tərəfdar çıxırdı.

Ümumiyyətcə, xanım Halonen siyasi karyerası boyunca özünü beynəlxalq həmrəyliyin tərəfdarı kimi təqdim edir, birtərəfli silahsızlaşmanı dəstəkləməyən “nisbi pasifist” olduğunu açıqlayırdı. O, prezidentin orduda ali baş komandanlıq roluna sahib olmasını müdafiə edir, NATO-ya üzvlüyün əleyhinə çıxış edirdi. Onun bu məsələlərdə qəti mövqeyinin olması, xarici işlərdə mövqeyini və gələcək prezident kimi baxışlarını müəyyənləşdirir və möhkəmlədirdi...

***

1974-cü ildə Baş nazir Kalevi Sorsa Haloneni parlamentin katibi təyin etdi. O, burada Fin siyasətçiləri və hökumət nümayəndələri ilə yaxından tanış olmaq, siyasi karyerasını bir addım daha irəli aparmaq fürsəti əldə etdi.

Parlamentdə işləmək Haloneni siyasətə daha da maraqlandırdı, başqa sözlə, bu sahədə fəaliyyətini stimullaşdırdı və o, 1976-cı ildə bələdiyyə seçkilərində iştirak etməyi qərara aldı. Gəldiyi qərarın, qərara uyğun çalışmaların nəticəsi olaraq o, Helsinki Şəhər Şurasına üzv seçildi və 5 dəfə ard-arda bu vəzifəyə yenidən seçildi. Bundan əlavə o, 1979-cu ildə Finlandiya parlamentinə Helsinki seçki dairəsindən deputat seçildi. Xanım Halonen parlament seçkilərində də seçicilərin rəğbətini qazanaraq, ardıcıl 6 dəfə nümayəndə seçildi. Parlament üzvü kimi onun ilk postu 1984-1987-ci illərdə tutduğu Sosial Komissiyanın katibi vəzifəsi oldu.

***

1987-ci ildə xanım Halonen sosial işlər və səhiyyə naziri təyin edildi. Bundan əlavə o, 1989-cu ildən 1991-ci ilə kimi Skandinaviya Korporasiyası naziri, eyni zamanda Beynəlxalq Həmrəylik Fondunun sədri oldu.

1990-92-ci illərdə ədliyyə naziri işləyən Tarya Halonen 1991-95-ci illərdə siyasi və dövlət qulluğu (dövlətçilik) fəaliyyətini başqa bir önəmli vəzifədə - Avropa Şurası Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin sədri olaraq davam etdirdi, nə qədər yetkin insan olduğunu öz işi ilə bir daha sübut etdi.

1995-ci ilin aprelində Lipponen hökumətində xarici işlər naziri vəzifəsini tutan Tarya Halonen bu vəzifədə 2000-ci ilədək – Prezident seçilənə qədər işlədi. (O, Sinikka Mönkaredən sonra ölkəsinin tarixinə ən uzun müddət xarici işlər naziri olmuş insan kimi də düşdü!)

***

…Yenidən bir qədər əvvələ – Xanım Halonenin Prezidentlik öncəsi fəaliyyətinə qayıdaq. 1999-cu ildə – Prezident Martti Ahtisari ikinci dəfə seçkilərdə iştirak etməyəcəyini açıqladıqdan sonra, Tarya Karina prezidentliyə namizədliyini irəli sürdü. Doğrudur, o, partiyasının namizədi statusunu asanlıqla qazandı (ilkin seçkilərdə 12800 ümumi səsdən 7800-nü əldə etmişdi), lakin rəy sorğularında ancaq 4-cü yeri tuta bildi. Məsələ onda idi ki, Tarya Karinanın prezidentliyə namizədliyi bir çoxları üçün təəccübləndirici oldu: o, solçu (Sosial Demokrat Partiyasının üzvü), tək valideyn və üstəlik də, Finlandiyanın Milli Kilsəsi olan Evangelikal Lüteran Kilsəsindən uzaqlaşmış bir şəxs idi! Bunlar isə rəqiblərin dilinə kifayət qədər “mövzu” verirdi. Bununla belə, o, seçki kampaniyası başladıqdan sonra, öncə səslərin 40%-ni, ikinci turda isə 51.6%-ni toplayaraq, Finlandiyanın XI Prezidenti və ölkəsinin tarixində ilk qadın prezident oldu!

Tarya Karina Halonenin I prezidentlik müddəti 2000-ci ilin martında başladı. Prezidentliyi müddətində xanım Tarya Halonen Qloballaşmanın sosial ölçüləri üzrə Dünya Komissiyasının həmsədri oldu. Prezidentliyinin birinci ilinin sonunda – 2001-ci ilin martın 1-də keçirilən sorğularda əhalinin 70 faizi onun prezidentliyindən razı olduğunu bəyan etdi.

2001-ci ildə Halonen NATO-nun Baltikyanı ölkələrin üzvlüyünü qəbul edəcəyi təqdirdə Rusiyanın buna cavabından narahat olduğunu bildirdi. (xatırladaq ki, o vaxtkı Latviya Prezidenti Vaira Freiberqa bu açıqlamadan sonra onun nə demək istədiyini soruşub, bilmək istəmişdi.) Halonen öz ölkəsinin də NATO üzvlüyünə qarşı olmasına bu (kifayət qədər diqqətçəkici) sözlərlə açıqlıq gətirmişdi: “Finlandiyanın fərqli bir tarixi var. Bizim ölkə, heç bir zaman SSRİ-nin hakimiyyəti altına girməmişdir və işğal edilməmişdir. ...Bunları yaşamış ölkələrlə eyni hissləri daşımırıq.”

Xanım Halonen ölkə olaraq öz-özlərini müdafiə edə bildiklərini iddia edərək, hərbi ittifaqlardan uzaq qalmağı tərcih etdiklərini bildirir. (Qeyd edək ki, Halonen Fin hərbi doktrinasında minalardan istifadənin əleyhinə çıxış edib. Lakin hava bombalarından istifadənin əleyhinə çıxış etmir və Finlandiyanın bundan istifadəsinə qadağa qoyacaq heç bir sazişi imzalamır(dı).)

Burada Amerikalı şoumenə də yer var...

2005-ci ilin mayında xanım Halonen mətbuat konfransı keçirərək ikinci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı. Bu Sosial Demokrat Partiyası (SDP) üçün sevindirici xəbər idi. Öz partiyasından başqa onu Solçu Alyansın lideri Suvi An Simes də dəstəklədi.

Dünyaca məşhur amerikalı şoumen Konan Obrayn, özünün Halonenə bənzərliyindən istifadə edərək onun barəsində zarafatlar edirdi. (O, hətta Finlandiyaya gedərək Halonenlə görüşmüşdü.)

Noyabrın 19-da SDP-nin partiya şurası, öz iclasında onu “bütün millətin prezidenti kimi” tərifləyib, prezidentliyə namizədliyini yekdilliklə təsdiqlədi. Bundan bir qədər sonra Solçu Alyans Haloneni rəsmi surətdə dəstəklədi.

Birinci prezidentliyi müddətində o finlər arasında çox populyar idi. 2003-cü ilin dekabrında rəy sorğularında onun reytinqi 88%-ə çatırdı. (Xanım Prezident 2004-cü ildə “Böyük Finlər” adlı tele-sorğunun nəticələrinə görə 5-ci oldu.) Ancaq buna baxmayaraq, 2006-cı ildə keçirilən prezident seçkilərinin birinci turunda, o birbaşa qalib gələ bilməyib, əsas rəqibi, mühafizəkar görüşlü Sauli Ninistoyu yalnız ikinci turda üstələyə bildi. (Maraqlıdır ki, o bu dəfə də demək olar ki, I seçkinin ikinci turunda qazandığı səs qədər (51.8%) səs yığmışdı.)

Xanım Halonen 2006-cı ildə BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərilsə də, daha sonra, prezidentlik müddətini başa vurmamış digər karyera imkanları barədə düşünmək istəmədiyini açıqladı və doğma Helsinkidə qalmağı üstün tutdu.

Bu yerdə bir fakta da diqqət yetirək: 2008-ci ildə Halonen Ritva Vilicaneni daxili işlər naziri təyin etdi. Hökumət Şurası bu vəzifəyə İkka Leitneni təyin etmək istəsə də, xanım Prezident Şuranın qərarı ilə razılaşmadı və buna görə tənqidlərə məruz qaldı. Məsələ onda idi ki, bu, son 50 ildə (!) birinci dəfə rastlanan hal idi...

2008-ci ilin sentyabrında Halonen estonların “post-sovet stressi”ndən əziyyət çəkdiklərini deyərək, yenidən uluslararası medianın gündəminə gəldi. Estoniya prezidenti Toman Hendrik İlves bunu şərh edərək, “...Estoniya heç vaxt digər AB ölkəsinin xarici işlərini ittiham etməyib və etməyəcək də. Həmçinin biz digər AB ölkəsinin psixoloji vəziyyətini də qiymətləndirmirik” şəklində soyuqqanlı bir cavabla kifayətləndi. 2009-cu ildə Halonen Estoniyaya qarşı bu hərəkətə görə üzr istəməkdən imtina etməsi ilə yenidən bəlli (maraqlı) çevrələrin diqqətini öz üzərində cəmləmiş oldu... ...Və yenə rəğbətçilərin təqdiri, opponentlərin tənqidi ilə üzləşdi.

Tarya Halonen «Baltik Sea Action Group» Uluslararası Fondunun məsləhətçilər qrupunun sədri, Qadın Dünya Liderləri Şurasının üzvüdür. 2009-cu ilin martından isə adıkeçən Şuranın sədri olan Tarya Karina, insan haqları ilə bağlı məsələlərlə yaxından maraqlanır. O, prezidentliyinin hər iki dönəmində qadın hüquqları və qloballaşma problemləri barədə müzakirələrdə fəal iştirakı ilə ün qazanıb.
Svilizasiyalararası dialoqu və mədəniyyətlər ittifaqını “çox gərəkli bir girişim” kimi dəyərləndirən Finlandiyanın xanım lideri, mədəniyyətlər ittifaqı işində sadəcə hökumət yetkililərinin deyil, QHT-lərin də önəmli yer tutmalı olduğunu düşünür. O, özünəməxsus nəzakət və üslubla deyir: “Mədəniyyətlər ittifaqının necə başarıya yetişəcəyini bilmirik, ancaq bu yoxlanılacaq və uğrunda qüvvə sərf edilməsinə dəyəcək bir yoldur”

Bu düşüncələrini bütün uluslararası platformalarda açıq söyləyən Finlandiyanın xanım Prezidenti, bəzi Avropa liderlərindən fərqli olaraq Türkiyənin Avropa Birliyinə üzvlüyünü açıq, səmimi və davamlı şəkildə dəstəkləməsi ilə də fərqlənir. O, hesab edir ki, rəsmi Ankara, Türkiyəni AB içində istəməyənlərin əlini zəiflətmək üçün islahatları davam etdirməli və sürətləndirməlidir. Xanım Halonenin fikrincə, “...Türkiyə islahatlar həyata keçirdikcə bu ölkənin AB üzvlüyünə qarşı dirənmək çətinləşəcək”...

Türkoloqlar, tarixçilər yaxşı bilir ki, finlər (“fin-uqor” dil ailəsinə mənsub olan macar, eston, mari(-el) və b. xalqlarla birgə) biz türklərlə qohum xalqlardandırlar. Xanım Halonenin bu soya (bəlkə “boy”a desək daha doğru olar) mənsub olan irəlifikirli lider kimi Türk Dünyasına isti münasibəti müəyyən qədər də bu səbəblə bağlıdır desək, yanlış olmasın gərək. Azərbaycana, Türkiyəyə münasibət misalında dediklərimizə əlavə olaraq onun Prezident kimi Tatarıstanda olması, Kazandakı Qul Şərif Camisini ziyarət etməsi (ziyarət əsnasında yerli adətlərə hörmət göstərərək başını örtməsi faktı) da dediyimiz münasibət bucağından izah oluna bilər. Fikrimizi möhkəmləndirmək üçün onun məscidi ziyarəti sırasında baş vermiş xoşovqatlı bir olayı xatırladaq.

Mətbuat yazır: Halonen, Tatarıstan Prezidenti Rüstəm Minnihanov ilə birlikdə camini ziyarət edərkən, axund Ramil Yunusov, qonaq Prezidentə caminin kitabxanasında bulunan Fincə “Qurani Kərimi” göstərərək, onu bu barədə bilgiləndirdi. Axund, Fincə “Qurani Kərim” kitabının onlar üçün çox özəl olduğunu bildirərək: “Bu kitab, Finlandiyada yaşayan tatarlar tərəfindən camiyə ərməğan edildi” - dedi. Bunun üzərinə Halonen, “Bizim torpaqlarda tatarlar XIX yüzildən bu yana yaşayır. Tatarların bizdə durumları çox yaxşıdır. Di gəl ki, evlənmək üçün Kazana gəlirlər” - deyə zarafat etməkdən çəkinmədi. (Qeyd edək ki, Helsinkidə Tatar Türkləri Toplumu Mərkəzi fəaliyyət göstərir.)

Maraqlı qadının maraq dairəsi

Maraq dairəsinə, ilk sırada, incəsənət tarixi, teatr və üzgüçülük daxil olan xanım Prezident, fin, isveç, ingilis dillərində danışır və hazırda eston dilini öyrənir. (Qəhrəmanımızın artıq hardasa tutquya çevrilmiş “üzgüçülük” marağı ilə bağlı kiçik bir haşiyə. Mətbuat yazır: Tarya Halonen, dövlət başçısı seçimi üçün səs verməmişdən öncə Baltik Dənizinin buzlu sularında bir sürə üzdü. Səsini, paytaxt Helsinkinin Kallio səmtindəki seçki mərkəzində verən Halonen, qəzetçilərə açıqlamasında, buzlu suya girdiyini və bir sürə üzdüyünü anlatdı. 62 yaşlı Halonen, “Bu, insana enerji verir. Su qış boyunca soyuq olur, amma bu həyəcana dəyər” - dedi.) Heyvanlara böyük sevgisi olan Tarya Halonen, 2005-ci ildən bəri evində iki pişik saxlayır.

2000-ci il avqustun 26-da xanım Halonen, 15 ildir könlündə yer verdiyi doktor Penti Aracavri ilə ailə qurub. Cütlüyün nikah şahidləri isə ...hər ikisinin bir öncəki nikahlarından olan övladları – Halonenin qızı Anna və Aracavrinin oğlu Esko idi..!

Tarya Halonenin qızı Anna Böyük Britaniyanın Kent Universitetində beynəlxalq siyasət üzrə təhsil aldıqdan sonra Rusiyanı öyrənən böyük mərkəz sayılan Aleksanteri İnstitutunda layihə rəhbəri kimi işləyir. Layihənin əsas istiqaməti Rusiya və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişafını öyrənməkdir.

***

Artıq yuxarıda da vurğuladığımız kimi, Tarya Karina Evangelikal Lüteran Kilsəsinin öz üzvlərinə vergi tətbiq etmək istəyinə və qadın keşişlərə qarşı qatı mövqeyinə etiraz etmək məqsədi ilə 1960-cı ildə oranı tərk edib. Kilsə bu gün qadın keşişləri qəbul etsə də, Halonen ora geri qayıtmayıb. O, bununla bağlı heç bir şəxsi səbəbinin olmadığını, sadəcə, ictimai fikirdə başqa cür anlaşılacağından çəkindiyinə görə geri addım atmadığını deyir...

***

Tarya Halonen 2005-ci ildə çap olunan “özkeçmiş”ində həyatı və düşüncələri ilə bağlı maraqlı fikirlər açıqlayıb və sözün əsil anlamında oxumağa dəyər! Bir çox dövlətlərin və qeyri-hökumət təşkilatlarının, uluslararası quruluşların ödüllərinə layiq görülmüş, çoxlu sayda Universitetin, Akademiyanın fəxri elmi adlarını almış Tarya Halonen bu gün də Finlandiya Prezidenti kimi ölkəsinin inkişafı istiqamətində, eyni zamanda bəşəri tərəqqi uğrunda yorulmadan çalışır.

O, Avropanın quzey ölkəsinin, göllər diyarının (bu ölkədə nə az-nə çox, 1000 göl var!) rəhbəridir. Onun ölkəsinin adı, dilçilərin təbirincə desək, “qadın cinsi”ndədir. Mən – adı “kişi cinsi”ndə olan ölkənin vətəndaşı onun qadınkən, gözlərin və yaddaşın öyrəşdiyi kimi adətən “bir kişi postu”nda öz ölkəsinin və dünyanın halına nəcib olduğu qədər üsyankar, səmimi olduğu qədər qətiyyətli münasibətindən çox məmnunam.

Bəlli olduğu kimi, onun adı iqlim dəyişmələri problemləri üzrə öz üzüntüsünü, təklif və təşəbbüslərini ardıcıl şəkildə ortaya qoyması ilə tez-tez uluslararası gündəmə gəlir. Ancaq mən bu güncəlliyin ictimai-siyasi, mədəni-mənəvi məsələlər mühitindəki ...iqlim dəyişikliklərində inikasına vurğu yapmaq istədim...

Bu gün onun ad günüdür!

O, ömrünün 67–ci ilini ölkəsinin BİRİNCİ ŞƏXSİ, FİNLANDİYANIN ƏN MƏSULİYYƏTLİ VƏZİFƏSİNDƏ ÇALIŞAN İNSAN KİMİ keçirir. “67” artan rəqəmdir. Onunla tanışlığı olan bir qələm adamı kimi bu “artım”ın Finlandiyanın xanım liderinin şöhrətinin, nüfuzunun, bəşəri tərəqqi uğrunda çalışmalarının miqyasının daha da artmasına gətirəcəyinə inanır və bunu arzulayıram!

Sonda, doğum günü münasibəti ilə ona göndərdiyim təbrik məktubundan bir neçə sətri oxucularla da paylaşmaq istərdim: “...Ölkənizin, Dünyanın daha yaxşı gələcəyi ilə bağlı çalışmalarınızda, qadın haqları uğrunda apardığınız yorulmaz mübarizənizdə, Mədəniyyətlər və Sivilizasiyalararası dialoqun genişlənməsi istiqamətində gördüyünüz işlərdə Sizə böyük uğurlar, xanım Prezident!

Əziz Tarya Halonen, ad gününüz mübarək!
Neçə mübarək günlərə!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar