Ruslar İran məsələsinin dinc yolla həllini istəyir
19 fevral 2010 14:00 (UTC +04:00)

Ruslar İran məsələsinin dinc yolla həllini istəyir

Yaxın Şərq yenə “qonaqlı-qaralı”dır. Bu həftə ərzində Amerikanın dövlət katibi Hillari Klinton körfəz dövlətlərinə səfər etdi. Onun ardınca Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrana getdi. Yeri gəlmişkən, Lent.az-ın CNN-türk-ə istinadən yaydığı xəbərə əsasən, türkiyəli diplomat İslam Respublikasına səfərinin nəticələri ilə bağı H.Klintonu məlumatlandırıb. Tərəflər İranın atom-nüvə proqramı ətrafında müzakirələr aparıb. Yaxın zamanda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın da telefon danışığının olacağı gözlənilir.

Bu danışıq zamanı da İranın atom-nüvə proqrammı və bölgədəki problemlərə dair müzakirələrin aparılacağı ehtimal olunur.

Qeyd edək ki, həm amerikalı, həm də türkiyəli diplomatların səfərinin əsas hədəfi İslam Respublikasının atom-nüvə proqram təşkil edib. Bu baxımdan, yaxın günlərdə həm körfəz dövlətləri, həm də İranın atdığı addımlar aparılmış danışıqların nəticələrini özündə əks etdirə bilər.

“İTAR-TASS”-ın xəbərində isə bildirilib ki, Rusiya və körfəz dövlətləri İranın atom-nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yolla həlli tərəfdarı kimi çıxış edirlər.
RF xarici işlər nazirinin müavini, Yaxın Şərq üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Saltanov körfəz dövlətləri əməkdaşlıq şurasının baş katibliyi təmsilçiləri və nümayəndə heyətinin başçısı, qurumun beynəlxalq iqtisadi münasibətlər idarəsinin baş direktoru Əbdül Əziz Hamad əl-Eşqi ilə danışıqlardan sonra belə bir bəyanat verib.

Bundan başqa, tərəfləri maraqlandıran iqtisadi-ticarət məsələlərinə dair müzakirələr də aparılıb.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun Moskva səfərindən sonra İsraillə Rusiya arasında İrana qarşı hərbi əməliyyatların başlayacağı barədə “gizli” danışıqlar aparıldığı barədə xəbərlər yayılmışdı.

Sədrəddin Soltan
# 644

Oxşar yazılar