Obama Rusiyanı tərifləyib
10 fevral 2010 12:45 (UTC +04:00)

Obama Rusiyanı tərifləyib

Tehran atom-nüvə proqramı ilə bağlı vəziyyəti sanki bilərəkdən gərginləşdirir. Bəzi ekspertlər hesab edir ki, İslam Respublikası rəhbərliyi bununla bölgədə böhran yaradıb, onu idarə etməklə vaxt udur, hədəfinə doğru irəliləyir.

İran hökumətinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, uranın 20 faiz səviyyəsində zənginləşdirilməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) nüvə yanacağının mübadiləsi barədə ələdə edilmiş razılıq sxeminə zidd deyil.

İran rəhbərliyinin bu mövqeyi Rusiya, ABŞ və İsrailin kəskin etirazına səbəb olub. İsrailin baş naziri Benyamin Netanyahu ötən gün beynəlxalq ictimaiyyəti İslam Respublikasına qarşı “məhvedici” sanksiya qəbul etməyə çağırıb. O, İran hakimiyyətini atom bombası əldə etməyə cəhddə suçlayıb: “İndi beynəlxalq ictimaiyyətdən daha qətiyyətli addım atmaq tələb olunur. Bu isə yumşaq deyil, daha kəskin, bu hakimiyyəti şil-küt edəcək sanksiyanı lap indi qəbul etmək deməkdir”.

Rusiya xarici işlər nazirinin müavini Andrey Nesterenko İran hakimiyyətinin uranın 20 faiz səviyyəsində zənginləşdirilməsi ilə bağlı qərarını şərh edərkən deyib ki, Tehran çox nahaq yerə beynəlxalq ictimaiyyətin nüvə yanacağı mübadiləsi ilə bağlı təklifindən imtina edib: “İranın bu qərarı BMT Təhlükəsizlik Şurasının qətnamələri və AEBA Direktorlar Şurasının qərarı ilə ziddiyyət təşkil edir. Tehranın belə davranışı onun səmimiliyini şübhə altına salır. Bu durum isə beynəlxalq ictimaiyyətin İranın atom-nüvə proqramından haqlı narahatlığına səbəb olur”.

Uranın 20 faiz səviyyəsində zənginləşdirilməsi ilə bağlı ABŞ prezidenti Barak Obama beynəlxalq ictimaiyyəti İrana qarşı yeni sanksiyalar üzərində işləməyə çağırıb: “Onlar seçimini etdi, ancaq qapılar hələ də açıq olaraq, qalmaqdadır”. BBC-nin məlumatına görə, Ağ Evin indiki yiyəsi Rusiyanın tutduğu mövqeyi təqdir edib. Obama etiraf edib ki, hələ Təhlükəsizlik Şurasında Çinin necə davranacağını başa düşmək lazım gələcək.

Xatırladaq ki, Çin dəfələrlə İrana qarşı sanksiyaların əleyhinə çıxış edib. Bununla belə, rəsmi Pekin əvvəlki 4 qətnaməni dəstəkləyib.

Sədrəddin Soltan
# 568

Oxşar yazılar